Bu gün Binə stadionunda keçirilmiş “Sabah” - “Qarabağ” qarşılaşması ilə AFFA U-14 Liqasının 2022/2023-cü illər mövsümünə yekun vurulub.

Rekord.az xəbər verir ki, finalda rəqibini 2:1 hesabı ilə məğlub edən “Qarabağ” komandası AFFA U-14 Liqasının qalibi olub.

Üçüncü yer uğrunda oyunda isə “Neftçi” “Turan Tovuz” üzərində 1:0 hesablı qələbə qazanıb. Final qarşılaşmasından sonra mükafatlandırma mərasimi təşkil olunub. İlk üç yeri tutan komandalara medallar və diplomlar, çempion “Qarabağ” komandasına isə kubok verilib.

Mükafatları Məşqçilər Komitəsinin üzvü Əsgər Abdullayev, Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinin rəisi Yusif Vəliyev təqdim ediblər. “Astara” komandasının üzvü Məhəmməd Sultanzadə 36 qolla liqanın ən məhsuldar oyunçusu olub. “Qarabağ” komandasının üzvü Murad İbrahimov isə AFFA U-14 Liqasının ən yaxşı oyunçusu seçilib və xüsusi hədiyyə ilə mükafatlandırılıb.