“Qarabağ” kimi bir klubda oynamaq arzum idi”
- 24 Yan 2020 15:41
- 938
“Qarabağ” Antalyada təlim-məşq toplanışını davam etdirir.
Rekord.az xəbər verir ki, Ağdam klubunun yeni transferi Ovusu Kvabena da dünən komanda ilə ilk məşqinə çıxıb.
Qanalı hücumçu Azərbaycan çempionuna keçidi haqda “Qarabağ”ın rəsmi saytına açıqlama verib.
“Qarabağ”la 3,5 illik müqavilə imzalayan 22 yaşlı hücumçu bunları söyləyib:
“Qarabağ”a gəldiyim üçün xoşbəxtəm. Çempionlar Liqası və Avropa Liqasında çıxış edən bir klubda oynamaq arzum idi. Ümid edirəm ki, burda hər şey mənim üçün yaxşı olacaq. Azərbaycanın 6 dəfə ardıcıl çempion olan komandasına gəldiyimi və azarkeşlərin məndən çoxlu qollar gözlədiyini yaxşı başa düşürəm. Əlimdən gələnin ən yaxşısını edəcəm.
“Qarabağ”dan təklif gələndə burda heç kimi tanımırdım. Bilirdim ki, iki il öncə Çempionlar Liqasında çıxış edib. Və belə klubda oynamaq mənim üçün arzu idi, təklif gələndə çox sevindim. Gənc futbolçuyam və bu təklif mənim üçün əla imkandı.
Öz şəxsi hədəfim haqda heç nə deməyəcəm, məncə, ən yaxşısı elə meydanda göstərməkdi. Bilirəm, azarkeşlər indi fikirləşir ki, mən necə futbolçuyam. Ümid edirəm ki, oyunumla özümü onlara sevdirəcəm”.