“Qarabağ”: qalib heyət qorundu, qalır güclənmək YAZI
- 01 İyl 2024 15:50
- 958
Digər elita klublarında xeyli dəyişikliklər yaşansa, yetərincə hərəkətlilik olsa da, “Qarabağ” bu baxımdan bir qədər kölgədədi. Amma bu da nisbidi. İllərdi formalaşan sistemin bəzi tələbləri var ki, ağdamlılar bu yay onlara riayət edərək bəzi addımlar atıb. Bunun müsbət effekt verəcəyini gözləmək olar.
“Optimallaşdırma” aparıldı
“Qarabağ” Azərbaycan futbolunun şəksiz lideri, döyünən ürəyidi və burada görülən işlər ölkənin bütün digər futbol qurumlarına – klublar, təşkilatlar və s. – bir nümunə kimi göstərilə bilər. İş görüləcəksə, “Qarabağ”dakı kimi görülməlidi. Bəli, amma mükəmməl heç nə yoxdu, bəzi zəruri dəyişikliklər aparılmalı, heyətdə optimallaşdırma həyata keçirilməlidi. Komandanın gücləndirilməsi heç də həmişə yeni futbolçuların gətirilməsi ilə həyata keçirilə bilməz. “Qan dəyişikliyi”, yaxud bəzi yüklərdən azad olunma da bu prosesin bir hissəsidi.
Təbii ki, Maksim Medvedyevə “yük” demək bir qədər ağır olar, amma məhz bu onun timsalında “Qarabağ”da gedən bəzi dəyişiklikləri sezmək olar. Kapitan həm özü hörmətli şəkildə ayrılmaq qərarına gəldi, həm də klub bu baxından müdrik davrandı, tərəflər qarşlıqlı hörmətlə yollarını ayırdılar. Son illərdə gözləniləni verməyən Maksın bu gedişi hamı üçün müsbət effekt verdi. Klubun öz əfsanəsini komandada saxlamaq, onu öz parçası kimi tanıdaraq məşqçilik işində dəstək vermək, sistemdə qalmasını təmin etmək qərarı doğru addımdı. Medvedyev həm öz təcrübəsini bölüşəcək, həm də komanda ruhunun qorunması baxımından xüsusi bir funksiyanı yerinə yetirəcək.
Maksimdən fərqli olaraq Adama Diakabinin göndərilməsi fərqli prinsipə əsaslanırdı. Çox yaxşı, istedadlı futbolçu olmasına baxmayaraq intizam baxımından problemlərinin olması baş məşqçinin onunla ulduzunun barışmayacağına işarə idi. Qurban Qurbanovun məhz bu xasiyyəti və iş prinsipi uğura gətirib-çıxarır ki, Diakabi də istisna ola bilməzdi.
Azərbaycan gəlib-getmiş bəlkə də ən yaxşı qapıçılardan biri olan Andrey Lunyovun da hansı səbəbdən göndərilməsi məlumdu. Əla futbolçu olmaq yetərli deyil. Klubda qalmaq üçün əvvəlcə sən özün bunu istəməli, yəni ona hörmət etməlisən. Qolkipeirn menecerinin (bəlkə də birlikdə) yol verdiyi səhvlər həm komandanın imicinə mənfi təsir göstərir, həm də daxili ab-havanı korlayırdı. Buna görə də göndərildi. Yerinə ən azı o səviyyədə biri alınacağı təqdirdə Lunyovun gedişi tezliklə unudula bilər.
“Qalib heyəti dəyişməzlər”
“Qarabağ” daha bir missiyanın öhdəsindən gəldi. Ötən avrokubok mövsümündəki super çıxışından sonra dağılacağı gözlənilən heyətini qoruyub-saxlamağı bacaran “köhlən atlar” faktiki güc itkisinə yol vermədən addımlamaq şansı qazanıb. Bu, əladı, yeni avrokubok mövsümündə uğurlu çıxış üçün təkandı. Medina, Yankoviç, Benziya, Juninyo kimi ulduzları əldə saxlamaq, hazır bonusdu. Zubir də həmçinin. Düzdü, birdən-birə 3 illik müqavilə bağlanması qəribədi. Bəli, o, komandanın aparıcı oyunçularındandı, onsuz sol cinahı təsəvvür etmək çətindi, ancaq fransız futbolçunun sabitlik problemi var deyə, uzunmüddətli perspektivi dumanlı görünür. Yenə də komanda quruculuğu, onurğanın saxlanılması baxımından normal qəbul emək olar. Müqaviləsinin bu formada yenilənməsi onun üçün stimul olacaq.
Bununla yanaşı, Almeydanın sırf daxili çempionat və avrokuboklarda hansısa fors-major halında “yanğınsöndürən” rolunu oynaması üçün saxlanıldığı aşkardı. Musa Qurbanlının qayıdışı da komandaya müsbət təsir göstərəcək. Qolçuluq bacarığı var, yerli oyunçudu, Premyer-Liqada çox xeyir verəcək. Nərimanın da qalması ilə ehtiyat qüvvə məsələsi həllini tapır.
Kim gələcək?
Lunyovun yerinə transfer edilən Fabiyan Buntiç iş başında görməsək də, yaxşı qapıçıya oxşayır. “Qarabağ”ın portuqaliya bazarından etdiyi bazarlıqlar adətən uğurlu çıxır. Amma “noneym” bir qolkiperin ümidinə qalmaq bir qədər təhlükəlidi. Bir dəfə bu barədə yazmışdım, fikrimdə də qalıram ki, Quqeşaşvili qalsa da, getsə də, daha bir yaxşı qolkiperin transferinə ehtiyac var. Fabian bu yükü “dartmaya” bilər.
Digər mövqelərdən sağ cinaha mütləq bir transfer edilməlidi. Leandro Andrade Kadinin gedişindən sonra əsas heyət üzü görməyə başladı, məhz onun qayıdışı ilə də ehtiyata düşə bilər. Borgesin gəlişi təbii ki, maliyyə məsələlərinə bağlıdı, həll olunan kimi gətiriləcək. Bu, həm komandanın gücünü artıracaq, həm də rəngarənglilik gətirəcək. Leandro ilk vaxtlarda çox yaxşı təsir bağışlasa da, onun da sabitlik problemi var və bəzən meydanda görünməməsi onun haqqında birmənalı müsbət proqnozlar verməyə şərait yaratmır. O mövqeyə mütləq transfer edilməlidi. Bəli, Kaşuk söhbəti var, amma deyəsən ukraynalı yarımmüdafiəçi ümumiyyətlə Azərbaycana gəlmək istəmir. Özü belə deyir, ancaq biz belə açıqlamaları çox görmüşük. Hər şey ola bilər.
İstənilən halda, hətta Kadi və yeni qapıçı gəlsə belə bu heyət yetərli olmayacaq. “Qarabağ” həm ÇL-də oynamaq, həm də daxili çempionatda çempionluğu təmin etmək istəyirsə, keyfiyyət bir yana qalsın, kəmiyyət olaraq güclənməyə ehtiyac var. ÇL (Avropa Liqası da həmçinin) artıq 6 yox, 8 oyundu, bu da adı hesablama ilə mövsüm ərzində 60-a yaxın oyun deməkdi və qısa ehtiyat oyunçular skamyası ilə bu marafonu itkisiz başa vurmaq mümkün olmayacaq. Rəqiblər də boş durmur. Premyer Liqanın daha gərgin keçəcəyi, digər komandaların iddialarının artması, möhkəmlənməsi fonunda “Qarabağ”ın işinin asan olmayacağı dəqiqdi. Üstəlik, uğura öyrəşmiş azarkeşlər də həm yaxşı futbol, həm də nəticə tələb edəcəklər. Bütün bu sınaqlardan üzüağ çıxmaq üçün heyət mütləq şəkildə gücləndirilməlidi.
Kənan Məstəliyev, “Rekord.az”