“Qarabağ” “Sparta” və “Reyncers”dən çox güclüdür”
- 02 Okt 2024 19:30
- 189
Sabah “Malmö” Avropa Liqasının 2-ci turunda “Qarabağ”la qarşılaşacaq.
Rekord.az xəbər verir ki, İsveç klubunun baş məşqçisi Henrik Pyer-Erik Ryodströmün mətbuat konfransı keçirilib. O, “Qarabağ”ın İsveç klubları ilə statistikasının onu maraqlandırmadığını bildirib:
“Qarabağ”ın İsveç klubları ilə statistikası məni narahat etmir. Əksinə, bura çox əminliklə gəlmişik. “Qarabağ” indi daha təhlükəli rəqibdir.
“Qarabağ”ı təhlil etmişik. Çox güclü komandadır. Çətin olacağını bilirik. Amma futbolçumun da vurğuladığı kimi, bura qələbə qazanmağa gəlmişik. Yaxşı hazırlaşmışıq. “Qarabağ” topa sahib olanda güclü çıxış edir. Xüsusilə də, ev oyunlarında yaxşı oynayırlar. Sabah bizi burada möhtəşəm atmosfer gözləyir.
Mən belə fikirləşirəm ki, bizim üçün sabahkı oyun çox vacibdir. Digər oyunlar haqda düşünmək istəmirəm.
Bugünkü texnalogiya imkan verir ki, bütün oyunları izləyək. Ona görə də, “Qarabağ”ın hansısa oyununa canlı baxsın deyə, məşqçi göndərməmişəm. Bununla belə, demək olar ki, bütün oyunlarını analiz etmişik.
Bizim ölkəmizdə də hamı bizim qələbə qazanacağımızı düşünür. Bu aspektdən baxanda, mənim üçün insanların düşüncələri vacib deyil.
Püşkdən “Qarabağ”ın adı çıxanda futbolçularım da, mən də həyacanlandıq. Rəhbərlik amma sevinmədi. Uzaq ölkədir. Bahalı otellər, təyyarə – bunlar çoxlu pul tələb edir (gülür).
Səmimi şəkildə deyirəm ki, “Qarabağ” “Sparta” (Praqa) və “Reyncers”dən çox güclüdür. Bilirik ki, sabah bizim üçün çox çətin olacaq”.