"Qarabağ" üçün yaxşı nəticə YAZI
- 04 Avq 2022 00:48
- 808
Yaxşı nəticədi. Baxmayaraq ki, "Qarabağ" rəqibindən yaxşı oynadı, daha güclü göründü, qələbəyə daha yaxın tərəf idi, heç-heçə də pis nəticə deyil. "Ferentsvaroş" çox təhlükəlidi, uşaq səhvlərinə yol vermir. Özü də rəqib müdafiəsində, hətta orta xəttdə edilən səhvdən belə yararlanıb, ən azı hücumu məntiqi sonluğa çatdırırlar. Düşündüyümüz kimi, macarlar çətin rəqibdilər.
Amma "Qarabağ" daha yaxşı komandadı. Nəzərə alsaq ki, əsas heyətin demək olar yarısı yox idi, nümayiş etdirilən performansı yaxşı saymaq olar. Müdafiənin mərkəzi yeni idi, orta xəttin dayağı Riçard yox idi, bir nömrəli ulduz da oynamırdı. Çox aşkar şəkildə Kadinin yeri göründü. Rəqibin cinahları təzyiqə, mərkəzə yönələn keçidlərə tab gətirə bilmir. Borges oynasaydı, mütləq qələbə qazanacaqdıq, buna əminəm.
Zubirə çox güvənirdim, yarıtmadı.
Faktiki bu gün yarımmüdafiə xətti olmadan oynadıq. Ozobiç işinin öhdəsindən gələ bilmədi. Rəqibin cərimə meydançasının önündə heç kimimiz yox idi, dayaqdan çıxan topları Qara və Marko bu səbəbdən məcburən birbaşa hücuma göndərirdi. Filip pleymeyker funksiyasını öz üzərinə götürməli idi, bacarmadı. Ona görə də onun yerinə Şeydayev seçildi. Məqsəd bu "bağlantı"nı birdəfəlik kəsmək, gələn hava toplarını elə irəlidə olan 4 nəfərin öz aralarında həll etməsinə stavka etmək idi. Yəni "topu atın qabağa, orda həll edəcəklər". Arxada isə 6 nəfərlə qalıb hesabı qorumaq. Yeni Bəhlul-Bədavi cütlüyünü təzyiq altında oynamasına imkan vermək olmazdı. Soyuq başla düşünəndə ən məntiqli plan bu idi.
Veşoviç xoşuma gəlmədi. Cavab matçında start heyətində Abbas oynasa, təəccüblənmərəm.
Əks cinahdakı Toral Bayramovun oyunu isə ümumiyyətlə izahsızdı. İkinci hissədə yenə toparladı, fasiləyə qədər isə mövqeyini "proxodnoy dvor"a çevirmişdi. Yəqin ki, baş məşqçi fasilədə ona "həyatı başa salmışdı".
Yazdıqca görürəm ki, faktorlar çoxdu, hamısı haqda ayrıca danışmaq lazımdı. Məsələn, anomal istini gözardı etməyək. Həmişə öyünürük ki, qonaqlar Bakının istisinə tab gətirə bilmirlər. Amma elə bilirik ki, "Qarabağ"ın oyunçuları bellərində kondisionerlə gəzirlər, onlara isti deyil. Dəhşətli bürkü vardı bu gün. Təxminən 70-ci dəqiqədə hər iki komanda rəsmən "sönmüşdü". Bu istiyə dözmək çətin idi. Dözmədilər, ona görə də ifalarında ikinci nömrə ilə oyuna şahidlik etdik. Normaldı. İnsandılar, dəmirdən deyillər.
Meydança amilini heç kim qabartmır. "Bəhramov"un qazonu sadəcə vizual olaraq yaxşıdı, reallıqda isə "Qarabağ"ın sürətli oyununu oynamağa imkan vermir. Maksimum iki pasdan sonra məcburən temp aşağı salınır, çünki topun itirilmə riski çoxalır. ÇL-lik meydança belə olmur. Yaxşı ki, səfərdə bu problem olmayacaq və "Qarabağ" öz işini rahat görə biləcək.
Çerçesov Bakıya qələbə dalınca gəlmişdi. Gizlətməyə çalışsa da, oyundan sonra əhvalı yaxşı deyildi. Ovusunun epizodunu Qurbana şikayət etməsi də yaraşmadı. Hocanın növbəti feyr-pley cümləsi də ona yaxşı cavab oldu. Rusiyalı mütəxəssis cavab matçından əvvəl xeyli düşünməli, iddiasına yüngülvari düzəliş verməlidi. Hər şey o qədər də asan deyil, Stanislav Salamıç!
Kənan Məstəliyev, "Rekord.az".