“Qarabağ” və “Sabah”ın qələbələri mənə ruh yüksəkliyi verdi”
- 11 Avq 2023 18:41
- 329
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/8 finalçıların adları məlum olub.
Rekord.az xəbər verir ki, FIDE təmsilçisi Pyotr Svidler üzərində qələbə qazanan Azərbaycan şahmatçısı Nicat Abasov karyerasında ilk dəfə adını 1/8 finala yazdırıb.
Qələbədən sonra Abasov turnirin rəsmi saytına açıqlamasında təəssüratlarını bildirib: “Klassik partiyalarda hər iki tərəfdə müəyyən şanslar var idi. Birinci partiyada məğlub ola bilərdim. Rəqib lazımi gedişləri edə bilmədi. İmkanlardan istifadə edərək vəziyyəti düzəltdim və oyun heç-heçə yekunlaşdı. İkinci klassik partiya da bərabərliklə başa çatdığından tay-brekdə oynamalı olduq.
Tay-brekdə Aniş Giri üzərində qələbədən sonra qazandığım ruh yüksəkliyi mənə kömək oldu. Öz oyunumu oynadım. İlk rapid görüşü heç-heçə sona çatdı. İkinci oyunda qara fiqurlarla oynamağıma baxmayaraq düzgün gedişlərlə qələbə qazanmağı bacardım”.
Nicat Abasov tay-brekdən öncəki gün stadiona getməsi barədə danışıb: “Ötən gün ikinci klassik partiyamız bir qədər tez başa çatdı. Axşam vaxt taparaq stadiona getdim. “Qarabağ” - HJK görüşündə Azərbaycan çempionuna dəstək oldum. İkinci hissənin ilk dəqiqələrində hətta azarkeşlərə qoşularaq komandanı irəli səsləyirdim. Ona görə səhər səsimin tutulduğunu hiss etdim. “Qarabağ” və “Sabah”ın avrokuboklardakı qələbələri mənə bir qədər ruh yüksəkliyi verdi”.
Şahmatçımız ona dəstək olan şahmat həvəskarlarına təşəkkür edib: “Mənə görə yarış məkanına gələn bütün insanlara çox sağ ol deyirəm. Bu gün bir nəfər oyunu canlı izləmək üçün Beyləqandan gəldiyini dedi. Belə insanlar bizə əlavə güc verir. Dünya Kubokunda 1/8 final çox ağır mərhələdi. Bu mərhələdə zəif rəqib olmur. Layiqli çıxışımı davam etdirmək üçün əlimdən gələni edəcəm”.
Qeyd edək ki, Dünya Kubokunun 1/8 finalında Nicat Abasovun rəqibi Saleh Salem (BƏƏ) olacaq.