2000-ci illərin əvvəllərini indi nostalji hisslərlə xatırlayırıq. Daha doğrusu, 2004-cü ildən üzübərini. 2003-cü ildə rəhmətlik Fuad Musayev AFFA-dan yola salınandan sonra neft pulları sürətlə futbola axmağa başladı. 2005-ci ildə futbolun inkişafına dair Dövlət Proqramının qəbul olunmasıyla bu sahəyə yeni sponsorlar da gəldi. İş o yerə gəlib çatmışdı ki, az qala hər bankın, hər oliqarxın, hətta nazirlərin futbol klubları yarandı. Onlar da bir-biriylə bəhsə girdilər, “pul kisəsi”nin ağzı açıldı ki, digərlərini geridə qosunlar. Amma bu bəhskarlıq həm də qeyri-peşəkarlıqla müşahidə olunduğundan böyük uğurlar qazanmaq, futbolu inkişaf etdirmək mümkün olmadı. Ara yerdə milyonlar getdi, bir qrup işbaz, futbolçu və menecer varlandı. Vəssalam.


Bununla belə həmin o illər xeyli gərgin və maraqlı alındı. Çünki elə mövsüm olurdu ki, 6 komanda çempionluq yarışına qoşulurdu, mükafatçıların sırası son turun final fitindən sonra dəqiqləşirdi. “Qarabağ”la “Neftçi”dən savayı Premyer Liqada “Xəzər Lənkəran”, “Bakı”, “İnter”, “Qəbələ” yüksək səviyyədə rəqabət yaradır, çempionluq üçün dəridən-qabıqdan çıxırdılar. Onların bu amansız rəqabətinə “Muğan” (sonradan “Rəvan”), “Simur”, “Turan” əlavə rəng qatırdı. Hər bir xal qızıldan qiymətli sayılırdı, iddialıların zəif rəqiblərlə oyunlarda büdrəməsinə çox tez-tez rast gəlirdik. Bəli, bütün bunlar artıq keçmişdə qalıb.


Uzun müddətdir ki, “Qarabağ” çempionluq mübarizəsində heç kimə şans vermir. Bu da Qurban Qurbanovla klub rəhbərliyinin gördüyü düzgün işin, sabitliyin, uğurlu seleksiya siyasətinin nəticəsidir. Ağdam təmsilçisi təkcə ölkə daxili yarışlarda öz gücünü göstərmir, Avropada da adından söz etdirir. Onların sayəsində azərbaycanlı futbol azarkeşləri xeyli müddətdir ki, avrokubokların qrup mərhələsinin dadını hiss edir, bir-birindən gərgin keçən oyunlarda “Qarabağ”a azarkeşlik edir. Təəssüflər olsun ki, “Neftçi” də daxil olmaqla digərləri ölkə çempionatında “Qarabağ”a rəqabət təklif edə bilmədikləri kimi, Avropadan da elə ilk mərhələlərdəcə uduzub, boynubükük geri qayıtmağa vərdiş ediblər. Ona görə də uzun müddətdir Azərbaycan çempionatı “Qarabağ” və digərlərinin yarışı kimi görünür. “Köhlən atlar” öz yoluyla gedir, digərləri isə öz aralarında yarışmaqla məşğul olurlar.


Deyəsən, vərdiş etdiyimiz bu mənzərə bir qədər dəyişmək üzrədir. Onu dəyişməyə “Zirə” çalışır. Eyniadlı qəsəbənin təmsilçisi Rəşad Sadıqovun öndərliyi ilə artıq öz dəsti-xəttini formalaşdırıb. Klub rəhbərliyinin etimadını və dəstəyini hiss edən çalışdırıcı məşqçi kimi istedadlı olmasından, futbolu yaxşı bilməsindən yetərincə faydalanır. Diqqət edin, “Zirə”nin heyətində zamanında digər klublarda oynamış legionerlər çıxış edir. Utziq, Volkov, Renato “Zirə”yə tez uyğunlaşıb, Salifu Suma isə çempionatımızın ən uğurlu transferlərindəndir. “Zirə” hazırda “Qarabağ”ın ən yaxın izləyicisidir, 3-cü pillədəki “Araz Naxçıvan”dan isə 6 xal irəlidədir. Möcüzə baş verməsə, Rəşad Sadıqovun komandası mövsümü gümüş medalla bitirib, ölkəmizi avrokuboklarda təmsil edəcək.


Ən əsas məqamlardan biri odur ki, “Zirə” baxımlı futbol sərgiləməyə çalışır, əzmkarlıq göstərir. Elə “Neftçi”ylə oyunun 2:0-dan 2:4-ə çevrilməsi də bunun göstəricisidir. Ümid edirəm ki, bu yüksəliş davam edəcək, qəsəbə komandası yayda avrokuboklarda uğurun davamını gətirəcək. Gələn mövsüm isə çempionluq yarışının içində yer almaq olar.