Yeni mövsümdən legioner limitinin tam götürülməsi "Qarabağ"ın strategiyasını dəyişəcək.

Rekord.az-a daxil olan məlumata görə, bu qərardan sonra yerli statusu daşıyan milliləşdirilmiş futbolçularla yollar ayrılacaq.

Düzdür, bu addım birdən-birə atılmayacaq. Klub bu günə qədər komandada xidməti olan futbolçuların bu xidmətini nəzərə alacaq. Amma dəqiq olan odur ki, Şahruddin Məhəmmədəliyev, Bədavi Hüseynov və Aleksey İsayev kimi "yerlilər"  yeni mövsüm üçün əsas heyət oyunçuları olmayacaq. Böyük ölçüdə 2025-ci il Bədavi üçün "Qarabağ"da son mövsüm olacaq. Almeyda ilə yollar artıq ayrılıb. Qurban Qurbanov bunun futbolçunun öz istəyi ilə baş verdiyini desə də, məlum məsələdir ki, braziliyalının "Qarabağ"a ikinci gəlişi məcburiyyətdən atılan addım idi. Çünki Riçard yerli futbolçu statusu daşıyırdı və bu da ondan Premyer Liqada yerli futbolçu kimi istifadəyə imkan verirdi. Artıq limit götürüldüyü üçün belə bir məcburiyyətə də ehtiyac qalmayacaq. Qurbanov bu futbolçuların əvəzində iki, daha güclü legioner futbolçu gətirməyi düşünür.