Qarabağda idmanla bağlı yeni təhsil klasterinin yaradılması təklif olundu
- 03 Dek 2020 14:21
- 810
Qarabağda idmanla bağlı yeni təhsil klasterinin yaradılması təklif olundu
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) ali idarəetmə orqanı olan Elmi Şuranın növbəti iclası videokonfrans formatında keçirilib.
ADBTİA-dan "Rekord"a verilən məlumata görə, iclasda Vətən müharibəsində əldə olunmuş möhtəşəm və tarixi qələbə münasibətilə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlanıb.
Qeyd olunub ki, Ali Baş Komandanın uzaqgörən ordu qurucluğu siyasətinin məntiqi nəticəsi olaraq, müzəffər Azərbaycan Ordusu qısa müddətdə düşmənə qalib gələrək işğal edilmiş ərazilərimizi azad edib və illər sonra torpaqlarımızda Azərbaycan bayrağını yüksəldib.
Məhz noyabrın 8-də Azərbaycanın qədim şəhəri, mədəniyyət beşiyi olan Şuşanın işğaldan azad olunması xəbəri, həmin gün 90 illik yubileyini qeyd edən ADBTİA-nın professor-müəllim, inzibati və tələbə heyəti üçün xüsusi hədiyyə olub.
Müraciətdə vurğulanıb ki, birinci Qarabağ müharibəsində olduğu kimi, ikinci Qarabağ müharibəsində də, ADBTİA-nın 70-dən çox tələbə və məzunu vuruşub. Onlar arasında həm şəhidlər, həm də qazilər olub. Yaralılara şəfa, şəhidlərə isə Allahdan rəhmət arzulanıb. Bildirilib ki, onlar daima insanların qəlbində yaşayacaqlar.
Eyni zamanda, azad olunmuş Qarabağ torpaqlarında, o cümlədən qədim Şuşada idmanın bütün sahələrini əhatə edəcək yeni təhsil klasterinin yaradılmasına Akademiya kollektivinin hazır olduğu bildirib.
Qeyd edək ki, Zaqafqaziyanın ilk idman ali məktəbi və ölkəmizin qabaqcıl ali təhsil müəssisələrindən biri olan ADBTİA-nın təsis olunmasının 90 illiyini bu il qeyd edir. Bu əlamətdar hadisə münasibətilə silsilə tədbirlər həyata keçirilir, o cümlədən, “ADBTİA 90” adlı xüsusi kitab, eyni zamanda “Əsri haqlayan tarix” adlı sənədli film işıq üzü görüb.