"Qarabağ"ın kölgəsindən görünən quyruq...
- 03 Sen 2024 14:00
- 307
"Zirə"nin oyunundan sonra klub futbolunda da üzərimizə böyük məsuliyyət düşdüyü haqda qısa yazmışdım, indi bu haqda bir qədər geniş yazıb, fikirlərimi sizinlə bölüşmək istəyirəm. Məlum olduğu kimi, pley-off-da olan hər iki klubumuz məğlub olaraq, mübarizəni dayandırdı. Sadəcə, "Qarabağ" reqlamentə uyğun olaraq, Avropa Liqasında mübarizəsini davam etdirəcək. Əslində "Zirə"nin pley-off-a qədər gəlməsi də uğur sayıla bilər, bu haqda özüm də yazı yazmışdım. Amma...
Son illər dünya futbolunda, xüsusilə Avropa futbolunda baş verən prosesləri təhlil edəndə görürsən ki, artıq klub futbolunda daha ciddi nəticələr qazanmağa borcluyuq. Bir, hətta iki mərhələ keçmək də bizim üçün uğur sayılmamalıdır. Bu gedişlə "Qarabağ"ın kölgəsində gizlənmək də mümkün olmayacaq və hamının quyruğu o kölgədən kənara çıxacaq. Keçən mövsüm "Sabah"ın hər iki oyunda üstələyib ilk mərhələdə mübarizədən kənarlaşdırdığı Latviyanın RFS klubu Avropa Liqasının qrupuna vəsiqə qazanıb. "Boraj Banja" (Bosniya və Hersoqovina), "Petrokub" (Moldova) kimi kasıb klublar pley-off oynayır.
Konfrans Liqasındakı durumu təhlil edəndə isə, qəti şəkildə əmin olursan ki, bizim klubların növbəti ildən etibarən minimal hədəfi bu liqanın qrupuna düşmək olmalıdı. Bu, xüsusilə "Neftçi", "Sabah", "Zirə" kimi imkanlı klublarımıza aiddir. Bu gün əgər iki erməni klubu Konfrans Liqasında pley-off oynayırsa, bizim ən azı bu nəticəni təkrarlamaq borcumuzdur. Həmin klublardan biri olan "Noa" hətta Konfrans Liqasının qrupuna vəsiqə qazanıb. Yeri gəlmişkən, bu həmin "Noa"dır ki, 2017-ci ildə "Artsax" adı altında fəaliyyətə başlamışdı. Yadmdadır, o vaxtı mən bu haqda yazı yazıb AFFA-nı bu məsələni diqqətdə saxlamağa, UEFA-ya lazımı bilgiləri göndərməyə çağırmışdım. Bəzi həmkarlarım isə bizdə "Artsax" adlı ərazi adının olmadığını əsas gətirərək, AFFA-nın susqunluğuna haqq qazandırmışdılar. Halbuki o vaxt bu komanda haqqında qısa araşdırma aparanda məlum olmuşdu ki, məhz bu adda klub yaratmaqda məqsəd 5 il ərzində bu komandanın avrokuboklarda oynamasını təmin etmək, "Artsax" adını Avropaya çıxarmaqla dolayı yolla Qarabağın onlara məxsus olduğunu dünya ictimaiyyətinə çatdırmaq idi. Komanda Ermənistanın I Liqasında mübarizəyə başlasa da, bir il sonra yüksək liqaya vəsiqə qazandı. Yalnız 2019-cu ildə iş adamı, "Noa Holdinq"in sahibi Roman Qevorkyan (o, bir ara İtaliyanın "Siena" klubunun da səhmlərini almışdı) komandanı himayəsinə götürdükdən sonra, adını dəyişdirib, "Noa" etdilər. Bu ad altında komandanın ilk baş məşqçisi isə vaxtı ilə "Neftçi" və "Bakı"da oynamış, Vadim Boresr olmuşdu. Düşünürəm ki, məhz Azərbaycanda oynamış birinin bu komandaya baş məşqçi təyin edilməsi də təsadüf deyildi. Təsadüfi deyil ki, istər klub rəhbərliyi, istərsə də Ermənistan mediası bu gün də "Noa"nı "Artsax"ın sələfi kimi elan edir. Sabah Konfrans Liqasının qrup oyunlarında məlum əski parçasını assalar, təəccüblənmərəm.
Bu klub haqda niyə geniş yazdım? İndiyə kimi yığma səviyyəsində Ermənistandan geridə idik. İndi də geridəyik. Amma klub futbolunda "Qarabağ" yaxşı mənada dilimizi uzun eləmişdi. Digər klublarımız avrokuboklarda ciddi uğur qazanmadığı halda "Qarabağ"ın mütəmaddi qruplarda oynamasını əsas gətirib, klub səviyyəsində sinəmizi qabağa verirdik. Amma durumlar get-getə dəyişir və yazının əvvəlində qeyd etdiyim kimi, "Qarabağ"ın kölgəsində gizlənmək işə yaramayacaq. 2020-ci ildə Ermənistanda futbolun inkişafına dair qəbul olunan dövlət proqramından sonra bu ölkədə klub futbolunun da səviyyəsi yüksəlməyə başladı."Noa"nın bu il Konfrans Liqasının qrupuna vəsiqə qazandığını qeyd etdim. Amma onu da qeyd edim ki, iki il bundan öncə, bu nəticəyə "Pünik" də imza atmışdı. Hətta qrupda 6 xal da qazanmışdı. O "Pünik" ki, vaxtı ilə "Neftçi"nin qabağından qaçmışdı. Elə həmin "Pünik" bu il də Konfrans Liqasında pley-off-a qədər yüksəlmişdi. "Ararat" klubu da 2020 və 2021-ci illərdə iki il ard-arda Avropa Liqasının pley-offuna yüksəlmişdi. 25 milyon büdcəsi olan "Sabah"ın baş məşqçisi Renduliç də çıxıb deyir ki, "Siz Senkt Patrik"i elə də zəif komanda bilməyin". Söhbət tək "Sabah"dan getmir. Başda "Neftçi" olmaqla, bütün klublarımıza aiddir. Dövlətin dotasiyası ilə illərdi xərclənən milyonların bəhrəsi olmalıdı. "Zirə"nin Konfrans Liqasında pley-off oynamasını böyük əksəriyyət, o cümlədən mən də uğur kimi qəbul etdim, başda Qurban Qurbanov olmaqla, hamımız bu klubu təbrik etdik. Lakin dediyim kimi, Ermənistanı təmsil edən "Noa" Konfrans Liqasının qrupuna düşüb. Hansı ki, yaşı da, büdcəsi də "Zirə"dən azdı. Son illər avrokuboklarda oynayan klublarımızdan "Neftçi", "Sabah", "Qəbələ", "Sumqayıt" da kinci mərhələdən o yana gedə bilməyib. Lakin az öncə də qeyd etdiyim kimi, "Pünik" Konfrtans Liqasının qrupuna düşüb, "Ararat" isə iki il ardıcıl Avropa Liqasında pley-off oynayıb. Artıq klublarımız, klublarımıza rəhbərlik edən şəxslər də bu durumdan ciddi dərs çıxarmalı, avrokuboklarda minimum hədəf Konfrans Liqasında qrup, Avropa Liqasında pley-off olmalıdır. Avropanın futbol mənzərəsi dəyişib. Bu gün Lüksemburq klubu da qruplara düşür. Hətta vaxtı ilə I təsnifat mərhələsində oynamağı belə, uğur sayan Andorra klubları Konfrans Liqasında pley-off oynayır...
Anar XANLAROV