Qaret Beyl və komanda yoldaşlarına qolf qadağası
- 03 Dek 2019 10:30
- 669
Uels Futbol Federasiyası bu ölkənin milli komandasının üzvlərinə AÇ-2020 zamanı qolf oynamağa icazə verməyəcək.
Rekord.az xəbər verir ki, bu barədə federasiyanın baş katibi Conatan Ford Britaniya mətbuatına açıqlamasında futbolçulara belə bir qadağa qoyacaqlarını bildirib:
“Bəzi futbolçularımızın qolfa olan sevgisini normal qarşılayıram. Amma AÇ-2020 zamanı diqqətli olmalıyıq. Onların qolf oynamalarına icazə verməklə sağlıqlarını və qitə birinciliyinə konsentrasiyasını riskə ata bilmərik. Baş məşqçi Rayan Giqqz də bu qadağanı dəstəkləyir. O, turnir ərzində bütün fikrimizin yalnız futbolda olmasını istəyir”.
Qeyd edək ki, Madrid “Real”ında forma geyinən Qaret Beyl başda olmaqla bəzi uelsli futbolçuların qolf oynamağa böyük marağı var. Beyl hətta AÇ-2020-yə vəsiqəni təmin etdikləri oyundan sonra üzərində “Uels. Qolf. Madrid. Bu sıra ilə” sözləri yazılmış bayraq açmış və “Real” azarkeşləri tərəfindən böyük təzyiqlə üzləşmişdi.
Uels yığması AÇ-2020-də Türkiyə, İtaliya və İsveçrə ilə bir qrupda mübarizə aparacaq. Bu qrupda İtaliya yığmasının iştirakıyla baş tutacaq oyunlar istisna olmaqla, digər görüşlər Bakıda keçiriləcək.