Qazaxda həndbol üzrə region birinciliyi keçirilib
- 01 Yan 2024 15:00
- 265
Qazax Olimpiya İdman Kompleksində “Heydər Əliyev ili”-nə həsr olunmuş həndbol üzrə region birinciliyi keçirilib.
Rekord.az xəbər verir ki, ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yarışın rəsmi açılış mərasimində çıxış edən Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri və müstəqil Azərbaycan dövlətinin memarı olduğunu qeyd edib.
Daha sonra çıxış edən İdarənin sektor müdiri Sahib Ələsgərov, baş hakim Valeh Namazov yarış iştirakçılarına qarşıdan gələn “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” münasibəti ilə təbrik edib, yarışda onlara uğurlar arzulayıb. Yarışda Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarının komandaları iştirak edib. Yarışın əsasnaməsinə uyğun olaraq dairəvi sistem üzrə yarış keçirilib. Region birinciliyində 1-ci yerə Qazax rayon komandası, 2-ci yerə Tovuz rayon komandası, 3-cü yerə Ağstafa rayon komandası layiq görülüb. Region birinciliyində 1-ci, 2-ci və 3-cü yeri tutan komandalar diplom, kubok və medallarla, baş hakimlər fəxri fərman və hədiyyələri ilə təltif olunublar.