Qazax Rayon Gənclər və İdman idarəsi tərəfindən Qazax Olimpiya İdman Kompleksində Xocalı soyqırımına həsr olunmuş kross qaçısı üzrə yeniyetmələr arasında rayon turniri keçirilib.

Rekord.az xəbər verir ki, turnirin əvvəlində Xocalı faciəsi qurbanlarının və Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Qazax Rayon Gənclər və İdman idarəsinin rəis müavini Sahib Namazov Xocalı faciəsi barədə çıxış edərək bildirib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Xocalı soyqırımında əhali xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilib. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır. Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.Ümummilli lider Heydər Əliyev 1 mart 1994-cü ildə bu haqda xüsusi Fərman vermişdir. Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir.

Turnirdə İbrahimov Kənan Rəşad oğlu I yeri, Qasımov Əli Teymur oğlu II yeri,Allahverdiyev Asəf Vüsal oğlu isə III yeri tutub.

Turnirdə ümumilikdə 30 nəfər iştirak edib.