“Qəbələ” Antalya toplanışına start verdi
- 12 Yan 2020 23:30
- 791
2019/20 mövsümünün ikinci yarısına hazırlığı davam etdirmək üçün bu gün Türkiyəyə yollanan “Qəbələ” Antalya toplanışına start verib.
Rekord.az xəbər verir ki, “qırmızı-qaralar” qonşu ölkədəki hazırlıq prosesinin ilk günündə bir məşqlə kifayətləniblər.
Hazırlıq prosesi günün ikinci yarısına təsadüf edib. Elmar Baxşıyevin rəhbərliyi altında baş tutan məşqdə futbolçular topsuz və toplu çalışmaları yerinə yetiriblər. Zədədən sonra bərpa prosesi keçən Rasim Ramaldanov komandadan ayrı fərdi məşqlə kifayətlənib.
Antalyanın Lara bölgəsindəki “Trend” otelində məskunlaşan “Qəbələ” yanvarın 26-dək burada məşq edəcək. İki həftəlik hazırlıq çərçivəsində “qırmızı-qaralar” 4 yoxlama matçında qüvvəsini sınayacaq. Elmar Baxşıyevin yetirmələri yanvarın 14-də Macarıstanın MTK, 18-də Rusiyanın “Çayka”, 22-də Bolqarıstanın “Etar”, 25-də bu ölkənin digər təmsilçisi “Dunav” ilə qarşılaşacaq.