Patrik Robson de Souza Monteyronu Avstriya “Admira”sından 1,5 illik icarəyə götürən “Qəbələ” daha bir futbolçu ilə danışıqlara başlayıb.

Rekord.az xəbər verir ki, “qırmızı-qaralar” 23 yaşlı braziliyalı hücumçunun ardınca Samet Karakoçu gündəminə alıb.

2021-ci ildə milliləşdirilən türkiyəli ölkəsinin III liqasında çıxış edən “Bayrampaşa”nın üzvüdür.

Əvvəl U-19, daha sonra U-21-ə dəvət alan 19 yaşlı mərkəz müdafiəçisi “Fənərbağça”nın yetirməsidir. Onun hazırkı klubu ilə müqavilə müddəti 2022-ci ilin yayında bitəcək.

Müdafiənin sol cinahında da oynamağı bacaran Samedə hələ ötən sezon Premyer Liqamızda çıxış etmək təklif olunub.

O isə Türkiyədən ayrılmağa hazırlaşmadığını, ölkəsində daha üst liqalardan dəvət gözlədiyini söyləmişdi. Indi isə vəziyyət dəyişib və “Qəbələ”nin avrokuboklara vəsiqə qazanmaq üzrə olması onun mövqeyinə təsir göstərib. (sportinfo.az)