“Qəbələ”də 41 kapitan
- 06 Apr 2020 16:42
- 818
Koronavirus pandemiyası üzündən dayandırılan 2019-2020 mövsümündə 24 oyun keçirən “Qəbələ”ni bu matçlara 4 kapitan çıxarıb.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasındakı 20 qarşılaşmada Anar Nəzirov 15, Asif Məmmədov 3, Qismət Alıyevlə Rasim Ramaldanov hərəyə bir dəfə kapitan sarğısını daşıyıb. UEFA Avropa Liqası və Azərbaycan kubokunun hərəsində 2 görüşə çıxan “qırmızı-qaralar”ın kapitanlığı bu 4 matçda da Nəzirova həvalə edilib.
Həm Anar, həm də Qismətlə Rasimin komandanın kapitanı vəzifəsindəki debütləri cari mövsümdə gerçəkləşib. Əvvəlki illərdə də 9 matça bu sarğı ilə çıxan Asif isə göstəricisini 12-yə çatdırıb.
Ümumilikdə isə klub tarixinin 546 oyununda 41 futbolçu kapitan kimi matça başlayıb. Onlar arasında rekordçu Cavid Hüseynovdur. Yarımmüdafiəçi 72 görüşdə kapitan sarğısını daşıyıb. Kənan Kərimov 49, Rəşad Sadiqov 39 dəfə bu funksiyanı yerinə yetirib.
Cari mövsümdəki 19 matçla Nəzirov ümumi siyahıda İbrahim Hüseynova çataraq 12-ci yerə şərik olub. O, qapıçılar arasında Kamran Ağayev (31) və Xəyal Zeynalovdan (22) sonra üçüncüdür. Ümumi cədvəldə Ağayev 4-cü yerdə qərarlaşıb. Legionerlər arasında rekordçu isə Dododur. Braziliyalı ümumi siyahıda 5-cidir. O, 30 oyuna kapitan kimi çıxıb. Onu aktivində 24 belə matç olan Lyubo Baraninlə milliləşən legioner Vladimir Levin izləyir. Ümumilikdə, 19 futbolçunun kapitanlıq sayı 10 və daha çoxdur.