"Qəbələ"dəki "əl işi"
- 23 Noy 2021 08:55
- 1484
“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov “Qəbələ”yə uduzduqları oyundan sonra ehtiyat qüvvənin azlığından şikayətlənib. Təəccüblənməyə bilmirsən. Niyəsini deyim. Qəbələdəki oyunun protokoluna baxanda görürük ki, Ayxan Abbasovun yanında düz 9 futbolçu əyləşibmiş. Həmin 9 nəfər hər an məşqçisindən göstəriş alıb, meydana daxil olmağa hazır sayılırlar. Qeyd edim ki, Abbasovun yetərsiz ehtiyat qüvvə saydığı futbolçular arasında Riad Rəfiyevin iranlı tapıntısı, yaxın vaxtlarda “milliləşdirilməsi” gözlənilən Səid Rza da var idi.
Müqayisə üçün qalib tərəf “Qəbələ”nin ehtiyat oyunçularının sayına baxaq. Görürük ki, Elmar Baxşıyevin sərəncamında cəmi beş futbolçu olub.
Hər iki baş məşqçi oyunun gedişində üç əvəzetmə imkanından yararlanıb. Abbasov Səid Rza da daxil olmaqla əlinin altındakılardan üçünü meydana buraxıb. Özü də iranlı futbolçu görüşdə hesab 0:0 olarkən döyüşə atılıb ki, burda Ayxan bəyin ondan qol gözlədiyini təxmin etmək çətin deyil. Rza isə onun ümidlərini doğrultmayıb. Elmar Baxşıyevin ikinci hissədə meydana buraxdığı üç futbolçudan bilavasitə ikisi nəticənin müəyyənləşməsində iştirak edib. PFL-in sosial şəbəkələrdə “əvəzetmələr kralı” adlandırdığı Ülvi İsgəndərov 60-cı dəqiqədə meydana çıxıb və bundan cəmi 5 dəqiqə sonra oyundakı ilk qolu vurub. Hələ davamı da var. Gənc Emil Səfərov 78-ci dəqiqədə meydana çıxıb və heç beş dəqiqə keçməmiş “Sumqayıt”ı kapitansız qoyub. Onun qapıçıyla təkbətək çıxmasını əngəlləməyə çalışan Vurğun Hüseynov qırmızı vərəqə aldı və komandasını azlıqda qoydu. Bu epizod “Sumqayıt”ın fərqləndiyi, təzyiqi artırdığı məqama təsadüf edirdi. Deməli, qırmızı vərəqə həm də qonaq komandanın mübarizə əzmini qırdı.
Deməli, önəmli olan ehtiyat qüvvə sayılan futbolçuların adları və sayı deyil, baş məşqçinin onlardan necə istifadə etməsidi. Elə həmin Ülvi İsgəndərov “Neftçi”ylə ilk turun oyununda da sonradan meydana daxil olub, komandasına vacib 1 xal qazandıran qollardan birini vurmuşdu. “Əvəzetmələr kralı” eyni qəhrəmanlığı “Sabah”, “Səbail”, “Zirə” ilə oyunlarda da göstərib. Görünən odu ki, Baxşıyev futbolçusunun potensialını düzgün qiymətləndirib, ondan nə vaxt və necə yararlanmağın yolunu tapıb. “Qəbələ”nin oyunlarının təhlili daha bir maraqlı məqamı üzə çıxarır. “Qırmızı-qaralar” “Neftçi”ylə oyunda iki dəfə geri düşsələr də, təslim olmayıblar və sonda 2:2 hesabı qeydə alınıb. “Səbail”lə birinci dövrədəki oyunda 65-ci dəqiqəyə qədər hesab açılmamışdı. Məhz bu dəqiqədən sonra “qırmızı-qaralar” rəqibin qapısına beş cavabsız qol vurublar. Özü də fərqlənənlərdən ikisi – Ülvi İsgəndərola Ehtiram Şahverdiyev meydana əvəzetmədən daxil olub. “Qəbələ” Bakıda da “Səbail”in müqavimətini oyunun sonlarında qırıb.
Bütün bu nümunələrə baxanda belə nəticəyə gəlirsən ki, Elmar Baxşıyevin komandası kor-koranə irəli atılmır, öz gücünü düzgün qiymətləndirib məqamını gözləyir. Əvəzetmədən komandanın gücünə güc qatmağı bacaran çalışdırıcı sonra istədiyi nəticəni qazanır. Bunun adı “əl işi”di, məşqçinin əlinin işi. Amma komandanın uğurlarının səbəbi təkcə bu deyil. Bütün kollektivin sabit mexanizm kimi işləməsidi. Komandada düzgün seleksiya işi görülüb, məhdud büdcəylə keyfiyyətli oyunçular alınıb. Bir vacib məqam da döyüşkən, işini vicdanla görən kollektivin başında cəsur insanın dayanmasıdı. 44 günlük Vətən müharibəsinin qəhrəmanlarından biri Fariz Nəcəfovun cəsarəti, xarakteri onunla çalışanlar üçün də əlavə güc mənbəyidi. İnanırıq ki, bu güc “Qəbələ”ni daha böyük hədəflərə çatdıracaq.