Azərbaycan kubokunda mübarizəyə 1/4 final mərhələsindən qoşulacaq “Qəbələ” “Sabah”la ilk oyununu keçirəcək.

Rekord.az xəbər verir ki, bu matçla kubokun son qalibi üçün yarışda 2019/20 mövsümü başlayacaq. Paytaxt təmsilçisini öncə evdə qəbul edəcək “Qəbələ” 4 gün sonra cavab görüşünə çıxacaq. 

“Qəbələ” ölkə kubokunda özünün 15-ci mövsümünə start verəcək. Əvvəlki 14 cəhddə “Qəbələ” 64 oyun keçirib. 65-ci görüşünü keçirəcək “qırmızı-qaralar” 34 dəfə qalib gəlib, 17 dəfə heç-heçə edib və 13 dəfə uduzub. Top fərqində ikiqat üstünlük mövcuddur. Turnirdə 106 qol vuran “Qəbələ”lilər 53 top buraxıb.

Azərbaycan kubokunda 2005/2006 mövsümündə debüt edən “qırmızı-qaralar” 1 dəfə yarışın qalibi (2018/2019) adına yiyələnib, 3 dəfə finalda (2013/2014, 2016/17, 2017/2018), 3 dəfə də yarımfinalda (2007/2008, 2008/2009, 2015/16) uduzub. 4 dəfə 1/4 finalda (2010/2011, 2011/2012, 2012/2013, 2014/2015) mübarizəni dayandıran “Qəbələ” 2005/2006, 2006/2007 və 2009/2010 mövsümlərində 1/8 final səddini adlamayıb. 

Kubokdakı 64 qarşılaşmada “Qəbələ”nin heyətində 190 futbolçu meydana çıxıb. Onlar arasında rekordçu Ürfan Abbasovdur – 28 oyun. Vojislav Stankoviç 21, Cavid Hüseynov 19, Samir Zərgərovla Elvin Camalov 18, Dmitri Bezotosnı 17 kubok matçında şans qazanıb. Hazırda heyətdə olan Asif Məmmədovun hesabında 15 oyun var.

Ölkə kubokunda vurulan 106 qola 55 futbolçu imza atıb. İki top isə rəqibin avtoqolu hesabına gerçəkləşib. “Qəbələ”nin heyətində ən çox qol sevinci yaşayan Kənan Kərimov 7, Filip Ozobiç 6, Vüsal Qarayev 5 dəfə fərqlənib. Viktor Mendi, İbrahim Hüseynov, Daniel Subotiç, Aleksey Qay və Baqali Dabo 4 dəfə rəqib qapısına yol tapıb.

“Qəbələ” bir il əvvəl də kubokun 1/4 finalında “Sabah”la görüşüb. Həmin vaxt hər iki oyunda eyni hesab qeydə alınıb. “Qəbələ” həm evdə, həm səfərdə 1:0 hesabı ilə qalib gəlib. Qəbələ şəhər stadionundakı qarşılaşmada Filip İvanoviçin avtoqolu həlledici olubsa, Bakıdakı cavab görüşündə Ceyms Adeniyi qələbə topuna imza atıb.

Sabah keçiriləcək “Qəbələ” – “Sabah” oyunu saat 15:00-da başlayacaq.