“Qəbələ”nin futbolçusu: “Çəki almamaq üçün mən də tədbir görürəm”
- 31 Mar 2020 19:00
- 584
“Kanadada yaxşı mövsüm keçirdikdən sonra Azərbaycandan mənə zəng gəldi. İqnasio Errera və Nikolas Kanalesin meneceri məni bu ölkəyə gətirdi”.
Rekord.az xəbər verir ki, bu fikirləri “Qəbələ”nin futbolçusu Rodriqo Qattas “Radioagricultura” nəşrinə açıqlamasında deyib.
29 yaşlı çilili hücumçu Azərbaycanda çıxış etməyin üstünlüklərindən söz açıb: “Bu, mənim üçün vacib addımdır. Çünki komandalar avrokuboklarda mübarizə aparır. Mövsümü birinci pillədə bitirən Çempionlar Liqasında çıxış edəcək”.
Qattas Çili I Divizionunda o qədər çox oynamaq imkanının olmadığını etiraf edib: “İrəliləməyə davam etmək istəyirəm. 8 ay Kanadada oynadım, orada ingilis dilini öyrəndim. İngilis dilində az danışırlar, buna görə bir az çətin oldu”.
Hazırda Azərbaycanda olan forvard koronavirusa görə ölkədəki vəziyyətlə bağlı da danışıb: “1.5 ay əvvəl buraya gəldim, iki həftədir ki, futbol oynamırıq. Burada virusa yoluxanlar çox deyil, sadəcə tədbirlər görülür. Çəki almamaq üçün mən də tədbir görürəm. Adətən, insan evdə çox qalanda kökəlir”.
Qeyd edək ki, Rodriqo Qattas "Qəbələ" ilə fevralın 11-də 1,5 illik müqavilə bağlayıb. Hücumçu "Qəbələ"dən öncə Kanadanın “York9” klubunda çıxış edib.