“Qəbələ”nin kameramanı futbolun görünməyən tərəflərinə “işıq saldı” MÜSAHİBƏ
- 25 Fev 2020 18:00
- 1008
Futbol kollektiv oyun olduğundan uğur qazanmaq üçün düşərgədə yer alanların hər birinin üzərinə düşən missiyanı doğru-dürüst yerinə yetirməsi vacibdi.
Tibbi personal futbolçuların sağlamlığına cavabdehlik daşıyır, inzibatçılar forma təminatı ilə məşğul olmaqla yanaşı, məşq prosesində lazımi inventarların meydanda olmasını təmin edirlər.
Hər bir peşəkar klubun çəkiliş qrupunun da olması vacibdi. Futbolçular və məşqçilər korpusundan fərqlı daim arxa planda qalan kameramanların işinin nədən ibarət olduğu hamımız üçün maraqlıdı.
Bu üzdən “Qəbələ”nin bütün oyunlarını tarixin yaddaşına köçürən, futbol camiəsi arasında daha çox “Baxa” kimi tanınan Bəxtiyar Əliyevlə söhbətləşdik (Futbol+).
- Klubda kameraman olmaq nə deməkdi, işiniz nədən ibarətdi?
- Biz kameramanlar baş məşqçinin oyun ərzində meydanda görən gözüyük. Ola bilər ki, çalışdırıcı 90 dəqiqə boyunca meydanda başverənlərin hamısına nəzər sala bilmir. Bizim işimiz məhz çalışdırıcının görə bilmədiklərini çəkmək və oyun başa çatandan sonra ona təqdim etməkdi. Təhlil zamanı baş məşqçi məhz bizim çəkdiklərimiz əsasında futbolçulara sözünü deyir. Qarşılaşma başa çatandan sonra lazımi epizodları kəsib, təhlil üçün təxminən yarımsaatlıq icmal hazırlayırıq. Orda bütün mövqelərdə çıxış edən futbolçuların oyunboyu gördüyü iş əksini tapmalıdı.
- Qeyd etdin ki, oyundan icmal hazırlayırsız və buna görə 90 dəqiqədən təhlil üçün maksimum yarımsaatlıq icmal hazırlayıb baş məşqçiyə təqdim edirsiz. Montajı çalışdırıcının dediklərinə əsasən edirsiz, yoxsa özünüz məsləhət bildiyiniz epizodları icmala daxil edirsiz?
- Açığı, bu illərlə gələn bir təcrübədi. İstənilən baş məşqçi yeni komandaya gələndə kameramanın iş stajı ilə maraqlanır. Əksər hallarda baş məşqçilər bu məsuliyyəti operatorun üzərinə qoyur. Məsələn, deyir ki, Bəxtiyar, bu oyundan mənə 20-25 dəqiqəlik icmal hazırla. Və elə et ki, qapıdan tutmuş hücum xəttində yer alan oyunçulara qədər hamının meydanda hərəkətini görə bilim.
- Təcrübədən söz düşmüşkən, neçə ildi bu sahədəsən?
- Uşaqlıqdan futbolun içindəyəm. Futbolun sirrlərini Gəncə uşaq-gənclər idman məktəbində öyrənməyə başlamışam. Sonradan “Kəpəz”in tanınmış simalarından olan Rövşən Əhmədovla birgə həvəskarlar liqasında Samux, Ağstafa komandalarında çıxış etmişəm. Bu üzdən futbola heç də yad adam olduğumu deməzdim. Sonradan tale elə gətirdi ki, “Bakı”ya gəlməli oldum. Həyatımın 8 ili Hafiz Məmmədovun prezidenti olduğu klubla bağlıdı. Bu illər ərzində Bülənt Korkmaz, Aleksandr Starkov, Bojidar Bandoviç, Milinko Pantiç kimi tanınmış şəxslərlə eyni kollektivdə çalışdım. Sonra isə “Qəbələ”dən təklif gəldi və onu da məmnuniyyətlə qəbul etdim. Artıq üç ildən çoxdu “qırmızı-qaralar”ın düşərgəsindəyəm. Bu müddətdə də istər klub, istərsə də Azərbaycan futbolu tarixində iz qoymuş Roman Qriqorçuk kimi mütəxəssisin yanında çalışdım. Ondan sonra Sənan Qurbanovun, indi də Elmar Baxşıyevin yanındayam.
- 10 ildən artıqdı bu sahədəsən. Geridə qalan illər ərzində bir çox tanınmış əcnəbi məşqçilərlə birgə çalışmısan. Onların arasında ən çox işini bəyəndiyin kim olub və ya kiminlə yola getməmisən?[
- Ən sərt məşqçilərdən biri Bülənt Korkmaz idi. Bu adam bəzən elə olurdu ki, operatorun da işinə qarışırdı. “Niyə kameranı filan epizodda əyri tutmusan, ştativin səviyyəsi niyə elə yox, həmin an belə idi” suallarını verməkdən youlmurdu. O tək mənim yox, həkimin də, inzibati heyətin də işinə müdaxilə etməkdən sanki həzz alırdı. Türk mütəxəssis daim hamını gərginlikdə saxlamağı elə bil xoşlayırdı. Hamı, o cümlədən mən də bilirdim ki, öhdəmə düşən işi düz yerinə yetirmişəm. Ancaq onu qane etmək mümkün deyildi.
- Korkmazın davranışı sən, tibbi personal, inzibati heyət tərəfindən xoş qarşılanırdı, yoxsa “bu yenə zəhləmizi tökür” deyirdiz?
- Təbii ki, xoş qarşılanmırdı. İstər-istəməz bizdə qıcıq yaradırdı. Ən əsası da o idi ki, işimizə görə bizə irad bildirən baş məşqçi kənarda işimizi bəyəndiyini deyirdi. Bu da sonradan qulağımıza çatırdı. Hətta bir dəfə oyunun təhlili zamanı Bülənt hoca Zeynal Məmmədovdan da otağı tərk etməsini istəmişdi. Çox maraqlı, eyni zamanda xoşagəlməz durum yaranmışdı. Halbuki Zeynal müəllim heç vaxt oyunların təhlili zamanı baş məşqçinin dediklərinə müdaxilə etmirdi. Hamı kimi sakit oturub onun dediklərini dinləyirdi. Bir sözlə, çox aqressiv məşqçi idi. O elə bilirdi ki, Azərbaycanda heç kimin futboldan anlayışı yoxdu və hamı onun dediklərini “Quran” ayəsi kimi qəbul etməlidi. Starkov isə onun əksi idi. Çox sakit və mülayim insan idi. Türk məşqçidən fərqli heç vaxt heç kimin işinə qarışmırdı. Elə olurdu ki, hətta udduğumuz və ya uduzduğumuz oyunlara baxmırdı. Mən bunu hiss etmişdim. Hətta bir neçə dəfə ona boş disk təqdim olunmuşdu ki, reaksiyasını bilək. Ancaq ertəsi heç nə demədiyindən bir daha anlaşıldı ki, onun üçün əvvəlki oyun heç bir əhəmiyyət daşımır. Starkov əhlikef, məsuliyyətsiz məşqçi idi. Pantiç isə əksinə, oyun başa çatar-çatmaz diski əldə edir, elə həmin gecə azı iki dəfə 90 dəqiqəni izləyirdi. Mən onun “Atletiko”nun əfsanəsi olduğunu eşitmişdim. Özü də işi ilə sübut etdi ki, futbolda əsl peşəkar necə olmalıdı. Çox məsuliyyətli, işini sevən biri idi. Hər gün məşqdən öncə futbolçularla yanaşı, klub düşərgəsində yer alan hər kəslə ayrı-ayrılıqda görüşür, kimin nə problemi olduğu ilə maraqlanırdı. O çalışırdı ki, uğur qazanmaq yolunda hamı bir nöqtəyə vursun. Özü də dəfələrlə bizimlə söhbətdə “mən belə görmüşəm, belə də olmalıdı” söyləyirdi. Bandoviç insan kimi yaxşı olsa da, işə başdansovdu yanaşırdı.
- Bəs Roman Qriqorçuk? Onun da çox sərt, söyüşkən olduğu və ən əsası, istər meydanda, istərsə də ondan kənarda azərbaycanlıların işini bəyənmədiyi deyilirdi...
- Mən belə deməzdim. Onunla da münasibətimiz çox yaxşı olub. Köməkçiləri bir qədər sərt idilər. Köməkçiləri daha çox kənar işlərə müdaxilə edirdilər.
- Köməkçiləri deyərkən bizimkiləri – Sənan Qurbanov və Elmar Baxşıyevi nəzərdə tutursan, yoxsa özü ilə Ukraynadan gətirdiklərini?
- Hamısı yaxşı idi. Ancaq biri var idi, adını da unutmuşam. Münasibətimiz isti olmadığından həmişə ona Mixalıç deyə müraciət etmişəm. O mənimlə bəzən yola getmirdi. Deyirdi ki, niyə bizim oyunlardan fraqmentləri müxtəlif saytlara ötürmüsən? Hərdən də deyirdi ki, sən bizim rəqiblərə material ötürürsən. Daha bilmirdi ki, PFL hər oyundan sonra öz saytında 5-6 dəqiqəlik material yerləşdirir. Rəqibə necə material ötürə bilərdim ki, oyun başa çatan kimi dərhal həmin diski Qriqorçukun digər köməkçisi Anatoli Karotsaya verirdim. O Roman İosifoviçin analitiki idi. Qriqorçuk çox həssas mütəxəssis idi. Hər xırda detala fikir verən mütəxəssis kimi yaddaşımda qalıb. Bəzən oyunların təhlili üçün bir saat nəzərdə tutulsa da, iclas 2 saatdan çox çəkirdi. Mən də həmin toplantıda iştirak edirdim. Bir epizodu dəfələrlə komanda üzvlərinə göstərir, kimin harda səhv etdiyini başa salırdı. Heç bir nüans onun gözündən qaçmırdı.
- Elə olub ki, icmalı hazırlayarkən hansısa futbolçu sənə yaxınlaşaraq səhvini ört-basdır etməyi xahiş etsin?
- Heç vaxt. Mən işimin peşəkarıyam. Bundan başqa, heç bir oyunçu ilə elə isti münasibət saxlamamışam ki, ərk edib məndən o xahişi etsin. Digər tərəfdən yaxşı başa düşürəm ki, hardasa “quş buraxsam”, kiməsə güzəşt etsəm, bu mənə işimi itirmək bahasına başa gələ bilər. 10 ildən artıqdı bu işdəyəm və heç vaxt özümü “yandırmaq” üçün kiməsə dəlil verməmişəm.
- Bəzən deyirlər ki, klublarda işləyən kameramanlar çox asan pul qazanırlar. Toylara gedənlər 8 saata 50-60 manat qazandıqları halda, onlar ayda 4 dəfə 90 dəqiqəlik çəkiliş üçün 500-600 manat alırlar. Belə düşünənlərə sözün...
- Oyun təkcə 90 dəqiqə ilə bitmir. Mən matç başa çatandan sonra azı iki dəfə oyunu təkrar izləyirəm. Ondan sonra isə daha bir dəfə çəkdiyimi izləyib icmal hazırlayıram. Bundan başqa, oyun vaxtı bir gözüm kamerada, bir gözüm isə meydanda olur ki, heç nəyi gözdən qaçırmayım. Klublarda çalışanlar 360 dərəcəni diqqətdə saxlamağa məcburdu. Odu ki, heç kim asan pul qazandığımızı düşünməsin. Bizim üzərimizə çox ağır yük düşür.
- Geridə qalan illərdə başına gələn ən maraqlı hadisəni və ya hadisələri danışa bilərsən?
- İlk növbədə hamının yaddaşında iz qoyan “Bakı” – “Neftçi” matçını qeyd edərdim. Orda nələrin yaşandığını çoxları bilməsə də, mən operator olaraq çəkdiklərimə əsasən deyə bilərəm ki, belə dava-dalaş Azərbaycan çempionatında yaşanmayıb. İkinci hadisə də bu klubların səhv etmirəmsə, U-15 komandaları arasında “Dalğa Arena”da baş tutan görüşdə olub. 18 dəqiqə ərzində “Neftçi” və “Bakı” rəsmilərinin bir-biri ilə necə döyüşdüyünü lentə almışam. İnandırım sizi, heç MMA döyüşündə elə kadrlara rast gələ bilməzsiz. Sonradan mənim çəkdiklərim İntizam Komitəsinin toplantısında istifadə olundu və cəzalar zamanı həmin kadrlardan yararlandılar.