"Qəbələ"nin sabiq meneceri "Sabah"a baş məşqçi gətirir?
- 08 Okt 2019 17:00
- 1318
Elşad Əhmədovun gedişindən sonra “Sabah”da baş məşqçi postu hələ də boş qalmaqdadı. Düzdü, komandanı “Qarabağ”la oyuna İqor Ponomaryov hazırlayır. Lakin onun müvəqqəti olduğundan özü kimi, hamı xəbərdardı.
Rekord.az xəbər verir ki. yeni baş məşqçinin kimliyi bilinməsə də, bir neçə mütəxəssislə danışıq aparılır.
Onlardan biri uzun illər “Zarya”nı çalışdırmış, vaxtilə bu komandanı iki dəfə Avroliqanın qrupuna daşımış Yuri Vernidubdu. Ukraynalı çalışdırıcı hətta ötən həftəsonu ölkəmizə səfər edərək “Sabah” – “Səbail” qarşılaşmasını canlı izləmiş, heç şübhəsiz, klub rəhbərliyi ilə görüşməyə imkan tapmışdı.
Vernidub “Bank Respublika Arena”nın “skay-boks”unda tək deyildi. Eyni otaqda onunla yanaşı bir neçə ay öncəyə qədər “Qəbələ”də çalışmış, hazırda menecerliklə məşğul olan Səbuhi Səfiyarlı da var idi. Bu mənzərəyə şahidlik edənlər Vitali Vernidubun atasının “Sabah”a keçidinə vasitəçilik edən şəxs gözündə Səfiyarlını görürdü ki, bu da başadüşüləndi. Məsələyə aydınlıq gətirmək, Vernidubun həm Bakı, həm də oyunla bağlı dediklərini öyrənmək üçün özü ilə danışa bilməsək də, Səbuhi bəyi aradıq. Məlum oldu ki: “Vernidubun “Sabah”a keçidinə vasitəçilik etməyimlə bağlı xəbər hardan çıxıb, bilmirəm. Amma əmin ola bilərsiz ki, belə bir şey yoxdu. Bildiyiniz kimi, oğlu Vitali uzun illər “Qəbələ”də oynayıb və hər zaman xoş münasibətimiz olub. Üstəlik, Yuri Nikolayeviçin özü də vaxtilə ölkəmizə səfər etmiş, buraları görmüşdü. Elə həmin vaxtdan da münasibətimiz yaranmışdı. Sadəcə, bu dəfə Bakıya səfər edəndə Vitali mənimlə əlaqə saxlayıb, atasının bura gələcəyini dedi, yanında olmağımı xahiş etdi. Mən də buna görə yanındaydım, oyunu birgə izləyirdik. Yəni Yuri Vernidubun “Sabah”la danışıqlarına vasitəçilik edən mən deyiləm”.
Bunu anladıq. Hər halda, 90 dəqiqə ərzində iki şəxs öz aralarında söhbət etməmiş olmazlar. Mütləq ki, oyundan, futbolumuzun ümumi durumundan nələrisə müzakirə ediblər. Səfiyarlıya bununla bağlı da sual ünvanladıq: “Açığı, qlobal söhbətimiz olmadı. Əvvəla ona görə ki, Azərbaycan futbolu onun üçün yad deyil. Demək olar, hər şeydən xəbərdardı. Sadəcə, oyunu canlı izləmək üçün gəlmişdi, istəyinə çatdı. Ona görə də ciddi söhbətimiz olmadı. Sadəcə, özümüzdən, ordan-burda danışırdıq, xüsusi heç nə”. ("Futbol plus" qəzeti)