Qış olimpiadasında cəmi bir idmançı ilə təmsil olunacağıq
- 08 Yan 2020 13:48
- 884
Azərbaycan nümayəndə heyətinin İsveçrənin Lozanna şəhərində keçiriləcək Yeniyetmələrin Qış Olimpiya Oyunlarına hazırlığı sona çatır.
Rekord.az xəbər verir ki, nümayəndə heyəti Lozannaya bugün yola düşəcək.
Yeniyetmələrin Qış Olimpiya Oyunlarında ilk dəfə iştirak edəcək Azərbaycan komandasını fiqurlu konkisürmə yarışlarında Yekaterina Ryabova təmsil edəcək.
Yanvarın 9-da keçiriləcək açılış mərasimində komandamızın bayraqdarı da Rusiya yığmasının sabiq üzvü olacaq. Azərbaycan nümayəndə heyətinin tərkibinə, həmçinin MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibin müavini Azər Əliyev və beynəlxalq əlaqələr şöbəsinin müdiri Anar Bağırov daxildir.
Yeniyetmələrin Qış Olimpiya Oyunlarında 79 ölkədən rekord saytda - 1872 idmançının iştirakı gözlənilir. Bu rəqəm əvvəlki Oyunlarla müqayisədə 40 faiz çoxdur.
Təşkilatçı ölkə olan İsveçrə tarixində ilk dəfə ən çox (112 nəfər) atletlə idmanın 15 növündə təmsil olunacaq. İdmançı sayına görə İsveçrəni Rusiya, ABŞ və Almaniya (hər üçü 96 idmançı) izləyir.
Yeniyetmələrin Qış Olimpiya Oyunlarında Azərbaycandan əlavə daha 11 ölkə ilk dəfə təmsil ediləcək. Bunlar Albaniya, Ekvador, Haiti, Honq-Konq (Çin), Kosovo, Pakistan, Qatar, Sinqapur, Tailand, Türkmənistan, Trinidad və Tobaqodur.
Olimpiadaya yanvarın 22-də yekun vurulacaq.