Qitə birinciliyində çıxış etməyən hücumçumuz: "Çalışacam komandamızın oyunlarını arenadan izləyim"
- 19 Avq 2021 15:08
- 676
Azərbaycanın qadın voleybolçulardan ibarət yığma komandası dünən start götürən Avropa çempionatında sabah ilk oyununa çıxacaq. "Rekord.az" xəbər verir ki, millimiz əvvəlki illərdən fərqli olaraq bu dəfə daha zəif heyətlə yarışda iştirak edir. Belə ki, bəzi oyunçularımız milli karyeralarını başa vurub, bəziləri isə zədə səbəbindən komandamıza kömək edə bilmir. Daha bir aparıcı oyunçumuz Yelizaveta Krneta da qitə birinciliyinə qatılmayıb. Buna səbəb hücumçumuzun təzəlikcə ana olmasıdır.
Hazırda Serbiya yaşayan voleybolçumuz yarış və millimizin şansları ilə bağlı fikirlərini bölüşüb: "Hər kəsi salamlayıram. İlk öncə onu deyim ki, voleybol üçün çox darıxmışam. Məlum səbəblərdən bu Avropa çempionatında iştirak edə bilmirəm. Hazırda Serbiyadayam və yavaş-yavaş burada fiziki məşqlərə başlayıram.
Avqustun 20-də komandamız çempionatın ilk matçına çıxacaq. İki qat sevincliyəm çünki, Azərbaycan millisi qrup oyunlarını Serbiyanın paytaxtı Belqrad şəhərində oynayacaq. Çalışacam komandamın bütün oyunlarını arenadan izləyim və onlara dəstək olum.
Demək olar ki, hər gün komanda yoldaşlarımla danışırdım. Millimiz Avropa çempionatına iki ay hazırlıq mərhələsi keçib və yoxlama oyunları oynayıb. Mənim fikrimcə hər bir komandada müəyyən problemlər olur. Amma belə mötəbər yarışda çıxış edən komandanı dəstəkləyən insanlar onlardan yalnız gözəl oyun və qələbə gözləyir. Düzdür bu Avropa çempionatında bəzi voleybolçularımız məlum səbəblərdən iştirak etmir və komandamız güclü rəqiblərlə bir qrupda mübarizə aparır. Düşünürəm ki, Avropa çempionatında iştirak edən hər bir komanda güclüdür. Buna görə qızlarımız hər setdə, hər matçda sona kimi mübarizə aparmalı və öz oyunlarını mükəmməl oynamalıdırlar.
Komandamıza uğurlar arzu edirəm, inanıram ki, onlar yaxşı çıxış edəcəklər".