"Sumqayıt" bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Sabah"ın qonağı olub.


Rekord.az xəbər verir ki, 0:0 hesabı ilə başa çatan matçdan sonra "kimyaçılar"ın baş məşqçisi Vaqif Cavadovun mətbuat konfransı keçirilib.


Cavadov heç-heçəni belə şərh edib:


“Yaxşı oyuna şahid olduq. Hər iki komanda dinamik futbol oynayırdı, qalib gəlmək istəyirdi. Oyundan razıyam. Uşaqlara təşəkkür edirəm. Yaxşı mübarizə apardılar. "Sabah"ın da şansları oldu. Bizim də qol imkanlarımız var idi. Baxamayaraq ki, qol vura bilmədik, bununla belə, oyunçularımdan razıyam. 


İcraiyə Komitəsinin qərarları hər bir məşqçi kimi məni də razı saldı. Gözləməliyik. Çempionatda 12 komandanın iştirak etməsi müsbət haldır.


Mən komandanı götürəndə aşağı sıralardaydı. Bəlkə məndən qabaqkı məşqçinin qarşısına hansısa hədəflər qoyulub, amma məndən avrokuboklara vəsiqə uğrunda mübarizə aparmaq qoyulmayıb. O ki, qaldı özümə, hər oyuna üç xal üçün çıxacağıq. Komandamın yuxarı sıralarda qərarlaşması üçün əlimdən gələni edəcəyəm".


1/4 finalın cavab qarşılaşması fevralın 27-də Sumqayıt şəhər stadionunda keçiriləcək.