Misli Premyer Liqasında 23-cü tur da geridə qaldı.

"Zirə" ötən tur dramatik oyunda "Neftçi"yə məğlub olsa da, qısa zamanda toparlanıb "Sumqayıt" səddini rahat keçə bildi. Özü də səfərdə. Rəşad Sadıqov istənilən halda, stabil heyət formalaşdıra bilib. "Zirə" hazırda çempionatda "Qarabağ"dan sonra ən məsuldar komandadır. Futbolçular arasında anlaşma da yaxşı vəziyyətdədir. Mənə görə, 2-ci pilləyə ən real namizəddilər.

"Sumqayıt"da isə qolsuzluq seriyası kubok matçını da saysaq, 8 oyuna çatdı. Vaqif Cavadovun hələ də optimist olması, təmkinini qoruması, futbolçularına inanması yaxşı haldı. Amma komandanın 8 oyundur qol vura bilməməsi də reallıqdır. Nəzər alsaq ki, komandanı qarşıda "Neftçi", "Qarabağ" və "Turan Tovuz"la ağır çempionat, "Sabah" isə kubok matçı gözləyir, bu qrafikdə komandanı qolsuzluq sindromundan çıxarmaq, oyunlara kökləmək çətin olacaq. Amma Cavadov bunu etməlidir, çünki başqa yolu yoxdur. Əks halda elitanı tərk etmək təhlükəsi qapıya dayanacaq...


"Turan Tovuz" - "Araz Naxçıvan" matçı gərgin keçsə də, rəngarənglik yox idi. Görünən budur ki, mövsümün sonuna yaxın hamı gözəl oyunu arxa plana atıb ilk növbədə nəticəyə oynayacaq. Həm nəzərə alaq ki, bu oyunda 3 xal qızıla bərabər idi. Bu mənada "Turan Tovuz" ortaya baxımlı futbol qoymasa da, vacib olan 3 xalı götürə bildi.

"Araz Naxçıvana gəlincə, bu komandada eniş davam edir. Komanda mövsümün əvvəlində yığdığı xalların hesabına hələ ki, 2-ci yerdəki mövqeyini qoruyur. Amma "Zirə" ilə xal fərqi 2-ə, "Turan Tovuz"la 5-ə qədər enib. Bu cür davam etsə, Naxçıvan təmsilçisi ilk "üçlük"dən də kənar qala bilər.


"Neftçi" - "Qarabağ" matçı ilk növbədə möhtəşəm atmosferlə yadda qaldı. Çoxdan idi özüm də "Neftçi" Arena"da olmurdum, atmosferdən ləzzət aldım. Dolu tribunalar adama sanki beynəlxalq oyun təsuratı yaratdı. Düzdür, ortaya qoyulan oyun bu atmosferə layiq olmadı. Nə düşünülşüm hücumlar gördük, nə rəngarəng oyun, nə də real qol epizodları. Amma gərginlik və aqresiya var idi. "Qarabağ" oyunun əvvəllindən bir nəfər azlıqda qalmasına baxmayaraq, yekunda 3 xalı aktivinə yaza bildi. Hətta deyərdim ki, legionerlərinin ustalıq səviyyəsinə görə, heç say azlığını da hiss etdirmədi. "Neftçi" də pis münarizə aparmadı. Öncədən də demişdim ki, bu oyun "Qarabağ" üçün rahat keçməyəcək. Yəni gəlib rahat 3-4 qol vurub 3 xal götürmək söhbəti olmayacaq. Oyunun ədalətli nəticəsi bəlkə də heç-heçə idi. Lakin Mattias amilini unutmaq olmaz. Adam ciddi ehtiyac olmadan yalnış sürüşmə fəndi ilə rəqibə penalti hədiyyə etdi. Halbuki çiyinlə Kadini bir qədər də yan xəttə tərəf sıxsa idi, heç bir təhlükə olmayacaqdı. Hər halda, növbəti Qurbanov-Abasov duellərinin də ən azı bu cür gərgin keçəcəyinə ümid edirəm. Görünən budur ki, Samir Abasov Qriqorçukun dövründə alınan futbolçularla yola davam etməlidir. Amma mən yenə də Samirin "Neftçi"ni bu vəziyyətdən çıxaracağına inanıram.


"Kəpəz" - "Şamaxı" və "Səbail" - "Sabah" matçları haqda isə geniş danışnağa ehtiyac yoxdur. Sanki çempionat oyunu yox, yoldaşlıq oyunları izlədik. "Kəpəz" ardıcıl 3 oyundur ki, xal toplayır. Yeni sponsorun gəlişi də futbolçularda əlavə ruh yaratmalıdır. Məncə bu oyunda hər iki komanda 1 xal götürdü ki, bu da oyuna görə oldu.  "Sabah"ın "Səbail"i də məğlub edə bilməməsi Berezutsikini düşündürməlidir. Qışdan sonra özündən aşağıda olan komandalara ("Neftçi", "Kəpəz", "Sumqayıt" və "Səbail"ə) qaşı matçlarda mümkün 12 xaldan cəmi 2-nin yığılması da  acı reallıqdı. Rusiyalı məşqçi qısa zamanda ya bu duruma son qoymalı, ya da, istefa verib getməlidir.


Anar XANLAROV