
“Qonaq komanda olmağın narahatlığını daha çox yaşadıq”
- 19 Mar 2025 23:15
- 32
"Gəncə"nin baş məşqçisi Halil Atlı "Şəki"yə 87:91 hesabı ilə uduzduqları Azərbaycan Basketbol Liqasının 19-cu turunun oyunu ilə bağlı fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, mütəxəssis rəqibi qələbə münasibəti ilə təbrik edib:
"Onlar mübarizədən qopmadan oynadılar. Önəmli qalibiyyət əldə etdilər. Özümüzə gəlincə, mövsümün ən bərbad oyununu keçirdik. Meydançada istədiyimiz bir çox şeyi edə bilmədik. Buna baxmayaraq, bir çox parametrlərdə rəqibimizdən üstün çıxış etdik. Hakimlikdən narazı qaldım. Meydançada bəzi vaxtlarda nəfəs almağa imkan vermədiklərini fikirləşirəm. Düzdü, hakimlərin pis niyyətdə, qərəzli olduğunu düşünmürəm. Yəqin ki, rəqib komanda da belə düşünür. Məncə, qonaq komanda olmağın narahatlığını daha çox yaşadıq. Sonda məğlubiyyətlə üzləşdik".
O, ölkə kubokunda yarımfinal oyununun olduğunu xatırladıb:
"Həmin matça konsentrasiya olunmalıyıq. Liqada pley-off oynamaq hədəfimizə çatacağıq. Gəncəliləri sevindirmək istəyirik. Ötən mövsümdəkindən fərqli çıxış edirik. Məqsədimizə çatacağıq".