Səhv eləmirəmsə, tanınmış qrossmeysterimiz Zeynəb Məmmədyarova müsahibələrinin birində demişdi ki, "zəif rəqiblə oynaya bilmirəm, oyunum alınmır". İlk baxışdan qəribə bir açıqlama kimi görünsə də, idmanın elit səviyyəsini ifadə edən çox güclü cümlədi. Bilirik ki, böyük şahmatçılar rəqibin azı 10-12 gediş sonra nə edəcəyini bilir, hesablayır, ona uyğun strategiya qurur, gedişlər edirlər. Ancaq bu o halda effektiv olur ki, rəqib də eyni səviyyədə olsun, həmin 10-12 gedişin məntiqli və yeganə çıxış yolu olduğunu bilsin, 13-cü, 14-cü və ondan sonrakı gedişləri hesablamağa başlasın, qələbə yolunu axtarsın. Yəni elitada belədi. Zəiflər, həvəskarlar isə uzağı 2-3 gedişi görə bilir, elə 2-ci gedişdə elə bir gediş edirlər ki, uzun perspektiv üçün məntiqli olmur. Qrossmeyster isə bunu da ciddiyə alır və "görəsən bunu niyə elədi" sualını özünə verib, yenə növbəti 10-12 gedişi hesablamağa başlayır. Sonra yenə həmin səhnə təkrarlanır və yenə eyni ssenari yaşanır. Nəticədə güclü yorulur və bəzən elə adi səhvə yol verir ki, gözlənilməz məğlubiyyətlər yaşana bilir. 

 

"Qarabağ" da belədi. Bu komanda yaxşı, güclü rəqiblərlə həmişə yaxşı oynayır, potensialını ortaya qoya bilir. Xüsusilə də avrokuboklarda buna dəfələrlə şahidlik etmişik və təəccüblənmişik ki, bunu necə edə bilirlər. Əvəzində komanda daxili çempionatda "Kəpəz", "Səbail" və digərləri ilə qarşılaşmalarda yeknəsək kimi görünən oyunla məğlub ola bilir. Biz də yenə təəccüblənir və təbii ki bunu sensasiya kimi qəbul edirik. Bəli, sensasiyadı, amma məntiqi məhz yuxarıda dediyimdi. Qurban Qurbanov işinə məsuliyyətli yanaşaraq "Kəpəz"lə matça da məsələn, "Olimpiakos"la matça hazırlaşırmış kimi hazırlaşır, ona uyğun oyun qurur. Məsələn, hoca düşünür ki, "biz öndə oynayacağıq, orta və müdafiə xəttimizi qabağa çıxaracağıq, belədə sürətli əks-hücumlarda bizi "tutmağa çalışacaqlar", ona görə ikinci dayaq yarımmüdafiəçisini cinaha yaxın oynadım, sığortalaya bilsin. Belədə hücuma dəstəkdə problemlərimiz ola bilər, amma ehtiyatlı davranaraq çətinlik yaşamarıq". Və s. bu kimi şeylər. Amma yarım saatdan sonra məlum olur ki, həmin "Kəpəz"in (ad nisbi seçilib, başqası da ola bilər) nəinki əks-hücuma, ümumiyyətlə hücuma çıxmaq fikri yoxdu. Hətta imkanı olsa klubun həkimi də çıxıb müdafiədə dayanar ki, komanda qol buraxmasın. Belə olanda da qrossmeysterin planı pozulur, 10-12 gediş sonranı yenidən düşünmək lazım olur. Sonra yenə eyni səhnə, yenə eyni ssenari və nəticədə gözlənilməz xal itkisi və ya məğlubiyyətlər qeydə alınır. Olur belə şeylər. 

 

Bu qədəri yazmağımın "mustafası" odur ki, sabah (artıq bu gün) rəqib zəif olmayacaq. Ona görə də narahat olmağa dəyməz. "Braqa" özünü dəfələrlə sübut etmiş, çox sayda güclü futbolçulardan ibarət avrokubok döyüşçüsüdü. Top elita olmasa da, ora iddialıdı. Yəni layiqli rəqibdi və Qurban Qurbanov və komandası rahatlıqla səfərdə "qara fiqurlar"la qalib gəldiyi matçın revanşında "ağ fiqurlar"la da yüksək iş ortaya qoya bilər. Bunun üçün bütün zəmin var. Çünki "Braqa" da döyüşə eyni ciddiliklə hazırlaşır, planlar qurur, "10-12 gediş sonranı" fikirləşir. Hesab arasındakı fərq də katastrofik deyil, qonaqlara ümid yeri qoyur. 

 

Maraqlı, həm meydanda futbolçuların ifasında döyüşü, həm də ondan kənarda qrossmeysterlərin taktiki mübarizəsini izləmə şansımızın olduğu bir matç izləyəcəyik. Sonda sevinənin biz olacağına zərrə qədər də şübhəm yoxdu, amma "Qarabağ"ın atla gedişinə "Braqa"nın topla cavabı çox maraqlı olacaq. 

 

Kənan Məstəliyev, Rekord.az