Quba rayon Heydər Əliyev Mərkəzində Quba Futbol Klubunun valideyn və futbol ictimaiyyəti ilə görüş keçirilib.

Rekord.az xəbər verir ki, görüşdə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Quba rayon İcra Hakimiyyətinin nümayəndəsi Arif Nəbiyev, “Şahdağ Quba & Truskavets” Medical Sanatoriyasının direktoru Qəmbər Rəhmanlı və Quba Futbol Klubunun rəhbəri Elnur Mirzəyev çıxış etdilər.

Görüş zamanı 2025-ci il mövsümündə AFFA bayrağı altında keçiriləcək yarışlar müzakirə edildi və Quba Futbol Klubunun U-14, U-12 və U-11 yaş qrupları üzrə komandalarına uğurlar arzulandı. Tədbir iştirakçılarına son illərdə Quba rayonunda görülən və gələcəkdə həyata keçiriləcək futbol inkişafı ilə bağlı layihələr haqqında ətraflı məlumat verildi.

Eyni zamanda qeyd edildi ki, “Şahdağ Quba & Truskavets” Medical Sanatoriyasının Quba Futbol Klubunun rəsmi geyim sponsoru olacağı elan edildi. Həmçinin, rayonda futbol infrastrukturunun inkişafı üçün üstü bağlı yeni futbol meydançasının inşasına başlandığı xəbəri də verildi.

Görüşdə çıxış edənlər, Quba rayonun futbol sahəsində mərhələli şəkildə inkişafı üçün görülən işlərdən danışaraq, futbolçularımıza növbəti yarışlarda müvəffəqiyyətlər arzuladılar.