Qurban Qurbanov: “Bu nəticə ilə razılaşmalıyıq”
- 13 Dek 2019 01:00
- 1019
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Avropa Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turu çərçivəsində "Düdelanj"la qarşılaşdıqları oyundan sonra mətbuat konfransı keçirilib.
Rekord.az xəbər verir ki, Qurbanov 1:1 hesabıyla bitən oyunla bağlı bunları deyib:
- Turniri yaxşı olmayan nəticə ilə başa vurduq. Ən azından maraqlı oyun oldu. Meydanda hər şey gördük, həm qol, həm də qırmızı vərəqə. Futbolçularıma sağ ol deyirəm ki, sona qədər çalışdılar. Ən azından bərabərliklə bitirdik. Çətin də olsa, əziyyətlərinə görə məğlub olmadılar.
- Qol buraxandan sonra komanda daha istəkli oldu. Bu istək əvvəldən nə üçün olmadı?
- Rəqib fərqli sistemdə oynadı. Hücum etmək istəyən bir hissə bunu bacarır. 90 dəqiqə ərzində hücum etmək çətindi. İkinci hissəyə yaxşı başladıq. Düşünmədiyimiz qırmızı vərəqə aldıq. Komandada belə bir hal vardı ki, APOEL-dən sonra futbolçular çox məyus idi, sanki mövsüm bitmişdi. Onları bu oyuna kökləmək asan olmadı. İlk dəqiqələrdən də hiss etsəz, futbolçular istəkli idi. Qol buraxanda da 10 nəfər idik. Sonra risk də etdik, qapımızda bir neçə epizod da verdik. Daha çox risk etdik və 1 xal qazandıq.
- Qrupda qırılma anı hansı oldu - APOEL-lə burdakı oyun, yoxsa səfər?
- Nəticəyə baxsaq, cavab oyunundan sonra APOEL bizi üstələdi. İlk oyundan sonra biz 2-ci yerdəydik. Sınma anı APOEL-lə oyunlardakı son 10-15 dəqiqə oldu. Səfərdəki oyunda hesab fərqli olmalıydı. Ordakı nəticə bizim üçün böyük zərbə oldu. Cavab oyunundan sonra oldu sınma. O oyundan sonra bizim üçün demək olar, mövsün bitmişdi. Ancaq bizim işimiz budur, sona qədər mübarizə aparmalıyıq.
- Bu oyun, yoxsa "Keşlə" ilə matç vacib idi?
- Bu gün bu oyunu fikirləşirdik. Bu oyun necə vacib idisə, digərləri də elə vacibdir.
- Avroliqanın qrupunda komandalar düzgün mövqedə oldularmı?
- Biz hər oyun çalışırıq ki, yaxşı nəticə göstərək. Bəzi oyunlarda şansımız gətirmədi. Bir neçə gün öncə əvvəlki oyunlara baxırdım. Bizim ən çox qol epizodu yaratdığımız APOEL idi. Ancaq bu o demək deyil ki, onlar 2-ci yerə layiq deyildilər. Hər oyun maksimum çalışıb, qol epizodları yaradıb, fərqlənməliyik. Bu gün 3-cü yerdəyik, APOEL-də 2-cidirsə, bununla razılaşmalıyıq. Yenə onlarla oynasaq, qələbə qazanmağa çalışacağıq.
- Avroliqanın qrup mərhələsi azarkeşlər üçün adi gəlir. Bu haqda nə düşünürsüz, bu, həqiqətənmi belədir?
- Avropada orta səviyyəli çempionatlar həddindən artıq çox inkişaf etməyə başlayıb. Hər komanda fərqli sistemlə çıxır. Əvvəl bəzi komandalara qarşı oynamaq asan idi, nəinki indi. Hamımız istəyirik ki, hər il daha bir addım irəli gedək. Bəzən hansısa uğuru əldə etmək asan olmur. Bizim üstünlüyümüz o olmalıdır ki, bu il alınmadısa, gələn il üçün çalışaq. Bu il qrupdan çıxmadıq deyə, əlimizi yanımıza salıb, olmadı deyə bilmərik. O vaxtlar klublar daha güclü idi, daha çox maliyyə var idi. Onlardan çəkinmədik və çempion olduq. Sona qədər azarkeşlərimizlə bir yerdə olmalıyıq. Fərqi yoxdur bu "Qarabağ"dır, "Neftçi"dir. Avropa klublarından qorxmamalıyıq, çəkinməməliyik. Bu komandaların üzərinə getməyə çalışmalıyıq. Uğurumuzu bir addım irəli aparmalıyıq.
- Bu ili "Qarabağ" üçün uğurlu hesab edirsizmi?
- Bəlkə mən desəm, uğurlu hesab etmək olar, bu, düzgün çıxmaz. Bu haqda ətraflı düşünmək lazımdır. İli uğursuz adlandırmaq bir az düz olmaz. Çempion olduq, qış fasiləsinə lider yollandıq. Bunlara uğursuz demək olmaz. Yaxşı oyun göstərib, çempion ola bilmərik. Düşünürəm ki, ən azından Azərbaycan təmsilçisi qrup mərhələsində oynadı, İspaniyanın nəhəng klublarından birini gördük. Fərqli futbol gördük, böyük futbolun nə olduğunu hiss etdik. Məncə, uğursuz deməyək. Uğursuz desək, futbolumuza olan az sevgini daha da azaldarıq. Həm "Qarabağ"a, həm də digər klublara. Bir az güclü olub, daha da irəli getməliyik. Uğursuzuq deyib, hara qədər gedəcəyik? Onsuz da bir-bir klublar gedir. Növbəti ildə daha yaxşı olmalıyıq. Nəhəng komandalar bura gəlirsə, bunu uğursuzluq adlandırmayaq.
- Artıq 10-cu dəfə ilin baş məşqçisi seçildiz. Bir məşqçi bu nəticəyə nail olmaq üçün nələr etməlidir?
- Bu, mənim üçün xoşbəxtçilikdir və məsuliyyətdir. Çalışmışam ki, işimə sadiq olum. "Qarabağ"da çalışıram, klub, azarkeşlər bizə inanır. Çalışıram ki, daha yaxşı olum. İldə dəfələrlə olur ki, məyus oluram. Danışıqlar, yazılar gedir. Bunlar mənə təsir edir, ancaq özümü tez ələ alıram. Əsas da həvəsdən düşmürəm. Bu o demək deyil ki, digərləri bunu etmir. Düşünürəm ki, bəzi uğurlar, çempionluqlar, qrupda oynamaq buna gətirib çıxarıb ki, ilin məşqçisi olmuşam. Nə deyəcəyimi tam dəqiq bilmirəm.
- Bu gün "Qarabağ"ın nəsil dəyişməyinə ehtiyac varmı?
- Komanda nəticə üçün oynayırsa, nəsil dəyişmək asan deyil. Birdən-birə böyük dəyişiklik etmək böyük risk olar. Çox oyunlarımız olur ki, daha təcrübəli futbolçulara ehtiyac olur. Futbolçu qazanmaq asan deyil. Həm legioner, həm yerli. Bundan 4-5 il əvvəl Azərbaycana futbolçu gətirmək daha asan idi, nəinki indi. Burda bəzi nüanslar var. Türkiyədə limitin aradan götürülməsi bizim üçün böyün əngəldir. Çempionatda 8 komandanın olması da bir əngəldir. Biz həddindən artıq böyük büdcəyə sahib olmalıyıq ki, futbolçu pulu düşünüb bura gəlsin. Bunlara görə nəsil dəyişmək asan deyil. Həqiqətən biz sakit durmuruq, istəyirik ki, gənc futbolçular artıq öz səviyyəsini daha da artırsın. Bizim üzərimizdə məsuliyyət həddindən artıq çoxdur. Çaışmalıyıq ki, azarkeşlərimiz üçün qruplara düşək, qrupdan çıxaq, komandanı daha da inkişaf etdirək. Bunlar asan deyil. Bunu digər Avropanın nəhəng klublarından da görmək olar. Düşünsək ki, bizi çempionluq, qrup maraqlandırmır, bu zaman dəyişiklik etmək olar, siz də məndən razı qalarsız. Ancaq sonra nə olacaq, böyük sualdır. Bizim digər klublarımız var ko, gənc oyunçular daha çox şans qazanır. (komanda.az)