Qurban Qurbanov: “Hər dəfə deyirəm, amma heç bir dəyişiklik yoxdu”
- 20 Dek 2019 22:22
- 866
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri cavab oyununu (3:1, ilk oyun 1:0) şərh edib.
Rekord.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
- Ağır oyun oldu, futbolçularıma təşəkkür etdim. Hər birimiz ağır dövr keçirdik. İstirahət dövrümüz az olacaq.
- Yarımfinal mərhələsində rəqib "Sumqayıt"dı. Çempionatdakı məğlubiyyətin qisasını almaq haqqında düşünürsüz?
- Bu barədə düşünmək üçün tezdi. Kubok fərqli bir turnirdi. Bu oyunlara hazırlaşmaq üçün vaxtımız olacaq. Hər iki komandada dəyişiklik ola bilər. Oyuna yaxın daha ətraflı cavab verə bilərik.
- Ötən mövsüm qış fasiləsinə 2-ci pillədə yollanmışdız, bu dəfə isə ilk pillədə. Sizcə, "Neftçi" zəifləyib, ya "Qarabağ" güclənib?
- Hər bir komanda mübarizə aparır. Bu dəfə xal fərqi başqa oldu, amma bu o demək deyil ki, "Neftçi" zəifləyib, ya da biz güclənmişik. Əminəm ki, hər iki komanda qış fasiləsindən sonra daha ciddi hazırlaşacaq.
- Musa Qurbanlının oyunu necə təsir bağışladı?
- Hələ debüt oyunu idi. Formalaşması üçün vaxt lazımdı. Fikir bildirmək tezdi. Öz üzərlərində çox çalışmalıdılar.
- Göndəriləcək futbolçular müəyyənləşib?
- Bu gün Simeon Slavçevlə yollar ayrıldı. Hələ ki, heç bir fikir deyə bilmərəm. Gətirmək istədiyim futbolçular var. Hər dəfə deyirəm, amma heç bir dəyişiklik yoxdu.
- Pedro Enrikenin komandaya qaytarılacağı ilə bağlı xəbərlər yayılıb.
- Danışıqlar olub, amma bu transfer alınmadı.
- Asmir Beqoviçin gedişindən sonra yeni qapıçı transferi olacaq?
- Bir neçə variant var, danışıqlar gedir. Hələ "Bornmut" rəhbərliyi ilə danışıqlar olacaq. Amma görünən odu ki, asan həll olunacaq transferə bənzəmir.
- Vaqner da Silva 4 aydı oynamır. Oyun formasını bərpa etmək çətin olmayacaq?
- Düşünmürəm, çünki qapıçılar ən az oyun keçirən futbolçularımızdı. Şahruddin də 3 ay idi ki, oynamırdı. Belə problemin olacağını düşünmürəm.
- "Keşlə" üzərində qələbəyə çox sevindiz, yoxsa gənc futbolçulara görə?
- Bu barədə düşünməmişdim, amma indi düşündüm. Qələbəyə sevinirik, amma 3-cü qolda gənclər daha çox sevindi.
- Riçard Almeydanın müqaviləsinin müddəti bitdi. Yeni qərar necə olacaq?
- Bitdi, amma hələ razılıq olmayıb. Danışıqlara başlamışıq, amma hələ razılaşmamışıq. (komanda.az)