Qurban Qurbanov: “Hər şeyə sıfırdan başlamalıyıq" MÜSAHİBƏ
- 18 İyn 2022 16:40
- 2968
“Xüsusi Təyinatlılarımızın elədikləri bu kinoları, bu sərkərdələri üstələdi”
Cəmi 30 dəqiqə vaxtımız vardı. Azərbaycan futbol tarixinin ən yaxşı məşqçisi Qurban Qurbanovla müsahibə üçün səbəbkarın işlərinin çoxluğu səbəbindən cəmi bu qədər, ən yaxşı halda 40 dəqiqə ayıra biləcəkdi. Amma şans varkən istifadə etmək lazım idi. Söhbət zamanı nə “Lex”i, nə “Sürix”i, nə Andradeni, nə də başqa gündəmi əhatə edən sualı soruşmadım. Ehtiyac da yox idi, cavablar standart olacaqdı, üstəlik, bu sualları ona hələ başqa vaxt da vermək imkanımız olacaq. Başqa, bu günə qədər verilən onminlərlə sualdan fərqli, indiyə qədər bəlkə də soruşulmayan, soruşulanları isə bir qədər fərqli formada soruşmaq üçün imkan vardı. Əldən vermədim.
Söhbətə isə bir az uzaqdan başladım.
- Qurban bəy, Eşli Koul deyəndə ağlınıza ilk gələn epizod hansıdı?
- (fikirləşir) Epizod yox, özü yadıma gəldi. Xoşladığım futbolçulardan idi. Döyüşkən, mübariz idi. Amma epizod olaraq…
- İngiltərə-Azərbaycan matçı yadınızdadı?
- Bəli.
- Orda bir epizodunuz vardı.
- Eşli Koul idi ki o?
- Bəli.
- Ferdinand deyildi? Yox, kapitanları…
- Terri.
- Hə.
- Elədi, topu ondan alıb getmişdiz, ancaq sizi haqlayan Koul idi.
- Hə, arxadan tez gəldi çatdı.
- Bəli, məhz həmin epizodu xatırlamaq istəyirəm. Topu götirib getdiz…
- Çox getmədim.
- Bəli, getdiz və azacıq irələyəndən sonra tez zərbə vurduz. Top dirəyin lap yanından keçdi. Oyundan sonra sizdən “niyə məhz tez vurmaq qərarına gəldiz” soruşanda mənə cavab vermişdiz ki, “mən topu götürdüm, bir anlıq düşünən kimi gördüm ki, kimsə yanımda var, nəfəsini hiss etdim və elə həmin an zərbə vurmaq qərarına gəldim. Ən doğru qərarı qəbul etdim”. Düzü, mən də razılaşdım, çünki sizinlə həmfikir idim. Hücumçu qərarı tez verməlidi. Düzdü, həmin zərbə qola çevrilmədi, amma ondan əvvəlki tsikldə təxminən eyni cür zərbə ilə serbləri səfərdə təslim etmişdiz.
- Bəli, xatırlayıram.
- Ola bilər ingilislərlə matçda epizod qaçırmışdız, amma 14 topla milli komanda tariximizin bombardirisiz. Bir futbolçu üçün bu fəxr ediləsi məqamdı. Amma karyeranızı uzun müddətdir bitirməyinizə baxmayaraq, sizə nəinki çatan, heç yaxın düşən də yoxdu. Sizcə, niyə belədir, bunu nəyə bağlayırsız?
- Məncə, çatacaqlar. Çox qalmayıb. 8 və 7 qol olanlar var: Emin Mahmudovdu, Ramil Şeydayevdi, Mahir Əmrəli də yaxınlaşır. Hələ gəncdilər. Həm də indi bu sayı qaldırmaq, qol sayını artırmaq daha asandı. Çünki əvvəla il ərzində oyun sayı daha çox olur, həm də səninlə eyni səviyyədə olan komandalara qarşı daha çox oynayırsan. Amma inşallah keçəcəklər. Əbədi rekord yoxdu. Bəlkə də bu mənim üçün çox asan, ya da çox çətin sualdı. Əlbəttə, keyfiyyət yuxarı olmalıdı. Eyni zamanda, bir komandanın oyun sistemindən çox şey asılıdı. Məsələn, hücumameylli futbol oynayırsansa, sənin daha çox qol epizoduna girmək imkanın olur, qol vurmaq şansın daha çoxdu. Amma yenə də oyunçular öz keyfiyyətlərini daha da yaxşılaşdırmalıdılar ki, qol epizodlarından istifadə edə bilsinlər. Və millimizin neçə illərdi oynadığı futbol da bir qədər fərqli olmalıdı ki, qolların sayı çoxalsın.
- Nikbin danışırsız, dediyiniz kimi onların daha çox oyun sayı olur, rəqiblər də münasibdi, amma hələ də çata bilmirlər. Məsələnin başqa tərəfi də var ki, onu xüsusi vurğulamaq istəyirəm: bombardirlər siyahısında olan futbolçuların demək olar ki heç biri yerli futbol məktəbimizin yetirmələri deyillər: Mahmudov, Şeydayev, Cavadov və s. Azərbaycan futbolu orta səviyyəlıi yerli hücumçu yetişdirə bilmir.
- Bəli, elədi.
- Nəzərə alsaq ki, 14 qol da o qədər böyük rəqəm deyil.
- Çox azdı da deyərdim. 68 oyun oynamışam. Buna baxanda qol sayım çox deyil.
- Hər halda, rekord sizdədi, ancaq yenə də o səviyyədə hücumçumuz yoxdu. Yol verilən səhv nədi? Qlobal bir sual oldu, Azərbaycan futbolunun təməl problemlərindən birinə gəlib çıxdıq. Sanki sual deyil, faktdı artıq: hücumçumuz yoxdu!
- “Niyə yerli futbolçu yetişmir” son illərin ən çox müzakirə olunan mövzusudu. Sanki hər dəfə eyni fikirləri deyirik. Amma iş də orasındadır ki, hər dəfə eyni fikirləri demək istəyirsən, amma eyni alınmır. Ancaq məntiqim eynidir. Dəfələrlə demişəm ki, yerli çempionatın səviyyəsi qalxmalıdı. Bunun üçün iş prinsipləri dəyişməlidi. İlk olaraq say çoxalmalıdı ki, bu il iki klub – “Kəpəz” və “Turan” gəldi elitaya. Bu yaxşıdı, daha çox oyun olacaq, amma yalnız say çoxaltmaqla keyfiyyət əldə etmək olmaz. Bir dəfə dedim, təkrarlamış olum: biz son illərdə geriyə gedirik. Yerli məşqçi seximiz irəli gedir, amma ümumi keyfiyyət olaraq biz aşağı gedirik. Heç bir kluba irad bildirmək istəmirəm, amma onlardan çox şey asılıdı. Klubların da yarıdan çox federasiyadan maliyyələşir… Bir işi görmək üçün iki yol var: sən ya bu işi görməlisən, ya da görməməlisən. Ortası yoxdu. Ya bu işi keyfiyyətli gör, ya da heç görmə, lazım deyil. “Bəs, mən ad elədim, bu komanda çempionatda ayaq üstə duracaq” olacaqsa, bu iş deyil. Keyfiyyətə üstünlük vermək lazımdı. Keyfiyyət dedikdə, ağıla gələn ilk fikir maliyyədi. Amma hər bir halda biz işimizi daha yaxşı görə bilərik. Burda meydançalar məsələsi də var, burda futbolçunun hazırlığı var, sağlamlığı var, qidalanması var… Xatırlamışkən, bizdə bu gün baxsaq, bir neçə klub çıxmaq şərtilə qalanlarında idman həkimləri çatışmır. Qidalanma, məşqdə lazım olan preparatların seçimi baxımından problem var. Deyirik ki, Avropada futbolçular yorulmurlar. Elədi, amma biz onlardan heç də az məşq etmirik. Sadəcə, onlarda məşqdən sonra bərpaedici elementlər güclüdü, güclərini saxlamaq üçün qidalanma keyfiyyətləri var, idman həkimləri var, hər bir futbolçunun dərin analizi gedir. Hələ Əmrəli Polşada olanda kiçik bir diskussiya aparmışdıq. Hətta “Legiya” kimi nəhəng olmayan klubun bu personalı “Qarabağ”dan üstündü. Bəzi futbol adamlarına mənim fikirlərim maraqlı gəlmir ki, komandada idman həkimi olmalıdı, fizioterapist olmalıdı. Biz normal bir fizioterapisti ancaq əldə edirik, tək “Legiya”da bundan 5 nəfərdi. Hələ “Tottenhem”, “Arsenal”a gedib-çıxmıram. Onlarda rəqəm 8, 10, 12, 15-ə çıxır, hər futbolçunun özünün ayrıca fizioterapisti var. Çünki oyunçunun orqanizminin bu günün tələblərinə cavab verə bilməsi, o yüklənmələrə dözməsi üçün daimi diqqətlə əhatə olunmalıdı. Deyirik ki, bəs “qaçdıq”, “məşq elədik”, “filan taktikanı seçdik – 4-5-1, 4-4-2” və s. Bunlar hamısı görk və görmək üçün olan şeylərdi: “bunlar işləyirlər ha, bunlar belə sistem qururlar” və s. Amma futbolçuya verilən tapşırıqları icra etməsi üçün bu yetərli deyil. Futbolçu tapşırığı 45 dəqiqə icra etdi, 45 dəqiqə edə bilmədi. 60 dəqiqə etdi, 30 dəqiqə edə bilmədi… Çox detallar, nüanslar var ki, bu xırdalıqlardan saatlarla, günlərlə danışmaq, incələmək olar. Bütün bunlar da gəlir çıxır aşağı yaş qruplarına.
- Əbədi problemimiz…
- Məhz ordan futbolçuları sağlam böyütməli, yetişdirməliyik. Bizim elə süni meydançalarımız var ki, orda oynayan uşaqların dizi, topuğu, oynaqları 3 ildən sonra sıradan çıxır. Belə yerdə keyfiyyət ola bilməz, dediyin bombardirlik keyfiyyətləri inkişaf edə bilməz. Olur istisnalar. Görürsən ki, hər futbolçu karyerası ərzində bir dəfə, iki dəfə bombardir oldu, yaxud çempion oldu, uğur qazandı. Olur, amma bunun sabit olması üçün bu yetərli deyil. Hələ görəcək nə qədər işimiz var. Biz – “Qarabağ” da daxil olmaqla. Klub olaraq biz nəsə edirik, hansısa problem aradan qaldırırıq. Lakin bu yetərli deyil. Futbola çox ciddi formada diqqət ayrılmalıdı. Çox ciddi. Çünki biz Avropadan həddindən artıq çox geri qalırıq. Həddindən artıq. Bir misal da çəkim. Bir ara - inflyasiya vaxtında Macarıstan, Çexiya, Slovakiya kimi orta yaşayış səviyyəli Avropa ölkələrinə yaxınlaşmağa başlamışdıq. Oradan rahatlıqla futbolçu gətirə bilirdik. Amma yenidən hər şeyləri düzəldi və bu xətt bağlandı. Təsəvvür et ki, indi biz bu ölkələrdən futbolçu gətirə bilmirik. Onların maliyyə imkanları da yaxşılaşdı, daha yaxşı yaşamağa başladılar, daha yaxşı şərait yaratmağa başladılar və bizim üçün bitdi. Futbolçu ala bilmirik ordan. Bir-iki istisna olur, o da nəsə olsa… Əvvəllər biz hətta Portuqaliyadan, Hollandiyadan, bu ölkələrin elitalarından futbolçu gətirirdik. Yoxdu, indi yoxdu, əldə edə bilmirik. Ümumiyyətlə Avropada futbola maraq yüksəlməyə başlayıb. Fikir verin, neçə dənə əlavə turnir yaradıblar. Futbol bu gün ən güclü biznes sahələrindən biridir. Qitə, dünya turnirləri, müxtəlif liqalar… Həmin elə Konfrans Liqası. Həm insanların buna marağı var, bunu istəyirlər, həm də bizim kimi ölkələrə görə ola bilər ki, daha bəzi şeylər sərf eləsin. Amma hər bir halda bunlara hazır olmağımız üçün “biz ölkə çempionu olduq, gedib onlarla, o ölkələrlə başabaş olacağıq” kimi fikirlərə aldanmalı deyilik.
- Hesab edək ki, bu gün hər şeyi doğru etməyə başladıq, doğru yolda irələmək üçün start verdik. Təsadüfi yox, davamlı uğur qazanmağımız üçün ölkə futboluna nə qədər vaxt lazımdı?
- Bu işə təminat vermək olmaz, amma 5-7 ilə müəyyən səviyyəyə gətirib-çıxarmaq olar. Hansı ki, hələ məhz o vaxtdan sonra sən düşünə, danışa, deyə biləcəksən ki, qarşıdakı illərdə mən nəsə formalaşdıra biləcəm, bu sistemi quracam, bu sistem uzun illər davam edə bilər. Həmişə demişəm ki, əvvəlcə biz valideynləri inandırmalıyıq. Sən övladını hansısa bir akademiyaya qoyanda bilsən ki, onun orada təhsilində sağlamlığında böyük problem olacaq, uzağı bir ay etibar edəcəksən. Gəlib-görəcəksən ki, orası yaralanıb, burası zədələnib, nə buna baxırlar, nə iynə-dərmanın verirlər, nə bunun elmiylə məşğul olurlar, uşağı çıxarıb aparacaqsan. Yəni futbol təkcə meydana çıxıb qaçmaq, topu bura yox, ora vermək deyil də…
- Futbol çoxdan o mərhələni keçib.
- Biz onu itirmişik. Bir ara qalxırdıq, bir az canlanma vardı, onu da itirdik. Yenidən ora qayıtmaq… Yenə uşaq futboluna qayıdırıq. Valideyn görsə ki, uşağımın elmiylə, savadıyla məşğuldular, həkimi uzmandı, Türkiyədən gəlib, fiziki hazırlıq məşqçisi İspaniyada nəsə öyrənib gəlib, inanacaq ki, oğlum etibarlı əllərdədi. Yoxsa akademiyanın uşağa bir dərman verməyə gücü, bacarıqlı kadrı yoxdusa, onu ora öz əlinlə ancaq karyerasına son qoymaq üçün vermiş olursan. Çox xırdalıqlar var. Bu iş dövlət səviyyəsində olmalıdı, bunu federasiya çox ciddi fikirləşməlidi. Yenə deyirəm, stadion tikməklə, ardınca bir dəfə Avroliqanın qrupuna düşməklə, futbolun inkişafı təmin olunmur. Biz bu sahəyə ciddi yanaşırıqsa, ciddi nələrsə əldə etmək istəyiriksə, ciddi işlər görülməlidi. Çox ciddi işlər görülməlidi. Mən - Qurban Qurbanov olaraq rahat otura, deyə bilərəm ki, işim yaxşı gedir, yerim rahatdı və s. Amma yox. Mən bir azərbaycanlı olaraq bu durumdan çox narahatam. Həmişə demişəm ki, Azərbaycanda bütün sahələrdə düşünmədiyin, ağlına gəlməyəcək istedadlar çıxır. Guya bizim futbolçularımız hansısa akademiyadan çıxıblar? Özləri öz istedadlarıyla gəliblər. İndi də bəzilərini biz görmüşük, yönləndirmişik, bir də görmüşük ki, gəlib formalaşıb. Gəlib-görmüşük ki, arıq uşaqdı, amma istedadı, ağlı, düşüncəsi var, minimum, bacardığımız qədər vitaminizasiya, güc, fitness və s. etmişik ki, fiziki hazırlığı yerinə gəlsin.
- Yenə eyni nöqtəyə gəldik…
- Bəli, bu dəqiqə fiziki hazırlığa çox böyük diqqət ayrılır dünya futbolunda. Fiziki hazırlıq deyəndə qaçmaq başa düşülməməlidi. Əzələ kütləsi yaxşı olmalıdı ki, böyük sürətə, çalışmalara davam gətirə bilsin. Bunun üçün baza lazımdı. Çox geri qalmışıq. Biz həqiqətən də Respublikada sağlam futbol görmək, sağlam futbolçu yetişdirmək istəyiriksə, hər şeyə sıfırdan başlamalıyıq. Və bunu sevə-sevə, məsuliyyətlə, diqqətlə, keyfiyyətlə etməliyik. Hər gətirdiyimiz futbolçu, mütəxəssis məsuliyyətli, bacarıqlı olmalıdı, futbolçulara öz ovladı kimi yanaşmalıdı. Bunları biz etməsək, bu gün olacağıq, sabah olmayacağıq.
Yenə yadıma düşür: Vidadi Rzayev, Yunis Hüseynov, İsgəndər Cavadov, Maşallah Əhmədov, Rəşad Sadıqov, Samir Əliyev, Samir Ələkbərov… Guya bunların hamısıyla səhərdən-axşama qədər məşğul olublar? Yox, özləri gəlib çıxıbar. Məsələn, Əfran İsmayılov. Ağla gəlməyən bir tipdə futbolçu idi. Var da deməli. Biri Qazaxdan çıxır, biri Tovuzdan çıxır, biri Zaqataladan, biri Lənkərandan çıxır. Elə bizdə bu gün Toral Lənkərandandı, cavan uşaq götürmüşəm Nəriman Lənkərandandı, potensiallıdı, Zamiq Lənkərandandı. Boy var, qabarit var… Yəni bu ölkədən, bölgələrdən futbolçu çıxır, göz önündədi hər şey. Deməli, daha ciddi işlər görülsə, daha yaxşı nəticələr əldə etmək olar.
* * *
- Nəticələrə baxsaq, Azərbaycan tarixinin ən yaxşı məşqçisiz. Bəs sizə görə tariximizin ən yaxşı məşqçiləri kimlərdi?
- İdman, məşqçilik elə bir sahədi ki, hər dövrün öz simaları olur. Biz əvvəllər məşqçi deyəndə ağlımıza Əhməd Ələsgərov, Kazbek Tuayev, Ağasəlim Mircavadov, Vaqif Sadıqov gəlirdi, indi dövr bizə gəlib çatıb. İndi üzdə olanlar bizik, o vaxt onlar idilər. O vaxt onlar çempion olurdular, onlar ölkəni təmsil edirdilər, indi biz. Ola bilər indinin şərtləri başqadı, o vaxt başqa ola bilər. Ona görə də düşünürəm ki, müqayisə eləmək asan deyil. O vaxtın futbolçularını – Pele, Maradona, Ronaldosu və başqasını götür, indi Messini götür, digərlərini götür, fərqli oyunçular, fərqli şəxsiyyətlərdilər. Ona görə də bu müqayisəni dövrə uyğun aparmaq daha düzgün olardı.
- Yetərincə uğurlarınız var, amma tənqid də olunursuz. O tənqidlərin arasında ən çox səslənən ifadə “Qurban Qurbanovun B planı yoxdu”du. Yəni klassik 4-5-1 taktikası, “tiki-taka” tərzində bir oyun üslubu, bunun üzərində qurulmuş futbol. Bəli, bu nəticə verir, uğurlar göz qabağındadı. Ancaq yenə də çətinliklər olanda, hesabda geri düşəndə, digər bu kimi məqamlarda “başqa bir plan işə düşmür” kimi fikir formalaşıb. Qurbanovun həqiqətən də B planı yoxdu, yoxsa bu plan elə A planının içindədi? Elədisə, bu haqda bir qədər geniş danışmağınızı istərdim.
- Fikirlər üst-üstə düşməyə bilər. Hər insanın baxışı, düşüncəsi fərqlidi. Futbolda belə bir şey yoxdu ki, var A planı və ya var B planı… Var müdaxilə. Var oyunun gedişatında rəqibin sənin düşünmədiyin gedişləri və sənin buna hazırlığın. Məsələn, mən özümü belə hazırlayıram: hər rəqibə müəyyən vaxt ayırıram, 1 oyun, 3 oyun, 5 oyununu izləyirəm, uduzduğu oyunlara da baxıram, analiz edirəm, udduğu oyunları da eynilə. Hesabda geri olanda hansı addımları atıb, hesabda irəlidə olanda hansı addımları və s. Çox detallar, təfərrüatlar var ki, onları analiz edirik. Ola bilər ki, mənim planlarım həmin dediyin fikirləri bildirən insanların gözünə görünmür. Elə olub ki, oyunun gedişatında və yaxud oyuna hazırlaşarkən sistemim eyni qalıb, amma bəzi oyunçulara fərqli tapşırıqlar verilib. Bir oyunda oyunçudan bunu tələb edirdimsə, digərində başqa şey tələb edə bilərəm. Məsələn, elə ola bilər ki, Qaradan, Patrikdən, yaxud da digərindən Kevin Medinanı sığortalamağı istəyə bilərəm. Və yaxud başqasından başqasını. Bir də gördün arxada fərqli bir düzülüş alındı. Amma mən həmişə bir şeyi özümdən soruşmuşam: mənim özək futbolum nədi? Bu suala cavab tapıb, onu daima yaxşılaşdırmaq istəyirəm, buna çalışıram. Sevmədiyim məqamlar da var. Məsələn, əvəzetmələri heç xoşlamıram.
- Bəli, buna görə də tənqid olunursuz…
- Xoşlamıram, çünki sonradan meydana çıxma elə də asan bir şey deyil. Hər futbolçunun fiziologiyası fərqlidi. Mənim özümdə də olub: sonradan meydana buraxıblar, bir-iki sprintdən sonra ayaqlarım “tutulub”. İsinmə hərəkətlərini yetərli deyil, çünki yeknəsək hərəkətlərdi: nə qədər tullanmaq-düşmək olar? İsinirsən, amma meydanın kənarından birbaşa meydanın içinə girirsən. Bu tərs effekt də verə bilər. Bir var ki, hamı ilə birlikdə isinməyə çıxdın, komanda ilə məşq etdin, bir uzun ötürmə verdin, bir dəfə qapıya zərbə vurdun və s. Bu zaman orqanizm tam hazır olur, uyğunlaşır. Bir də var ki, sən kənardasan, isinmə elədin və birdən-birə girdin meydana. Ola bilər ki, sənin orqanizmin buna cavab verməsin. Belədə də, oyunçu sənin məşqçi olaraq düşündüyünü icra edə, tapşırıqlarını yerinə yetirə bilmir və sən burda məğlub olursan. Əvəzetmələr nadir hallarda uğurlu olur. Məndə də olur, amma az halda.
- Bir məsələ də var ki, siz startdan taktikanı dəyişdiyiniz vaxtlar da olub. Məsələn, “Göteborq”, “Şerif”lə ev oyunlarında qarşılaşmaya üçlü müdafiəylə çıxmısız.
- Bəli, olub və qeyd etdiyim kimi, uğurlu olduğu vaxtları da olub, uğurlu olmayanları da, riskə getdiyim vaxtlar da. Elə olub ki, arxada iki müdafiəçiylə qalmışam. Baxmayaraq ki, indi məsələn, solda Elvin və Toraldı, sağda Abbasdı, Markodu, onların adı müdafiəçi olsa da, mənim hücumçularıma çevriliblər, özü də ən yuxarı hücumlarım olublar. Bu riskdi. Amma bəzi oyunlarda ikili yox, üçlü qalıram. Biri getdisə, bir qalmalıdı. Elə olub ki, iki müdafiəçinin qarşısında Qara ilə Patriki saxlayıb dördlü qalmışam müdafiədə, elə olub orda üçlü qalmışam. Bu, xırda detallardı. Normaldı ki, hərə bir prizmadan baxır, istər-istəməz fikirlər fərqli olur. Ortaya bir fikir atılanda müzakirələr başlayır və insanların mövqeyi formalaşmağa başlayır. Deməyə başlayırlar ki, “Qurbanın əvəzetmələri zəif edir”, “B planı yoxdu” və s. Hörmətlə yanaşıram, amma yenə də B planı fikrini qəbul etmirəm. “Müdaxilə” hə, B planı yox. Mənim bütün planlarım meydandadı. Oyun zamanı mənim bir yox, 5 planım olur.
- Deməli, varmış ehtiyat planlarınız…
- Bəli, var və o müdaxilədi. Məsələn, oyun olub ki, Zubirə daha çox diqqət olduğunu görmüşəm. Planı buna uyğun qurmuşam. Alınmırsa, keçirəm o biri plana. “Zubir, sən ortaya keç, müdafiəçi getsin, qalxsın “yuxarı”. Bu ikinci plandı. Üçüncü, “Zubir, harda istəyirsən, oyna, sərbəst ol”. Və yaxud Kadi... “B planı” demək asandı, bu iş insanlara bəsit bir şeymiş kimi gəlir. Amma elə deyil. Birincisi, bu riskdi, ikincisi, oyunun gedişatında sən oyunun meylini dəyişməklə, öz oyununu pozursan. Burda bilinmir, sən öz balansını qoruyub-saxlaya biləcəksən, ya bilməyəcəksən… “B planı” sözünü qəbul etmirəm. Amma mənim müdaxilələrim var, ki, onların bir neçəsini edirəm. Hər oyun istər birinci, istərsə də ikinci hissədə. Elə olub ki, futbolçuma demişəm ki, “sən geri qayıtma, irəlidə qal, səni burda Qara sığortalayacaq”. Belə çox şeylər olub. “Hücumçu, sən “harda-gəldi” oyna”. Məsələn, Ramillə birə-bir oynayırlar, onda deyirəm ki, “harda-gəldi” oyna, qarışıq bir şey olsun, yer rotasiyası olsun”... Yenə də fikirlərə hörmətlə yanaşıram.
- Sxemlə bağlı da danışaq. Sizin oynatdığınız 4-5-1 sistemi, sxemidi. İzlədiyimiz qədərilə dünya futbolunda bundan yavaş-yavaş imtina etməyə, üçlü müdafiə oynamağa, daha dəqiq desək, 3-5-2-yə üstünlük verməyə başlayırlar: “Çelsi”də, “Mançester Yunayted”də. Bir növ trendə çevrilib. Bu tendensiyanı siz də görürsüzmü, bu barədə nə fikirləşirsiz?
- Siz 4-5-1 deyirsiz, amma mən öz sistemimi 4-2-3-1 adlandırıram. Bu sistemi 4-3-3 də adlandıra bilərik. Miçel-Qara-Riçardın oynadığı vaxtlardakı üçlünü xatırlasaq, bəli, onu daha çox 4-5-1 adlandırmaq olardı. O üçlü məndə bəzən xətti oynayırdı, bəzən fərqli. İndi isə yarımmdüafiədə 2-1 kimi oynayıram. Yenə də fikir müxtəlifliyinə gəlirik. Məsələn, üçlü müdafiə dediz. Bu, arxada daha çox etibarlılıq üçün istifadə olunur. Bəli, amma məsələ başqadı. Məsələ ondadı ki, hər bir sistemi oyunçuya necə “yeridirsən”, necə başa salırsansa, o cür də oyunu qəbul edir. Üç mərkəz müdafiəçisi qoymaq, yaxud, 5-4-1, yaxud 5-3-2 qoymaq, o demək deyil ki, sən müdafiə futbolu oynayırsan. Bəli, sən müdafiəni qurmaq istəsən, futbolçuya bu fikri daha çox çatdıracaqsan. Yaxud da sən bu sistemlə daha çox hücum etmək istəyirsən. Fərqli-fərqli məhfumlardı. Sənin müdafiəçilərdən tələbin nədi, orta xətt oyunçularından tələbin nədi. Məsələn, həmin 3-lü müdafiəni elə olur ki, mən komanda hücumda ola-ola qalıram. İki müdafiəçim geridə qalır və Qaranı saxlayıram. Sadəcə xətt üzrə durmurlar, biri bir qədər qabaqda durur, ya da bir qədər arxada.
- Yəni startda 3-lü başlamırsız, amma oyunun gedişatında bu 3-lü də ola bilir, başqa cür də.
- Bəli. Lazım olanda belə dəyişikliyə gedirik. Amma mən öz uğurumu, tələblərimi bu sistemimdə axtarıram. Dünya futbolunda 10-15 yaxşı məşqçinin fərqli taktiki gedişləri olub. Hərə bir sistemdə oynayıb və hamısı da uğur qazanıblar. Dünya çempionatını da udublar, Çempionlar Liqasını da. Biri 5-li müdafiə oynayıb və çempion olub, digəri dördlü oynadaraq. Yəni hər şey məşqçinin futbolçuya fikrini çatdırmasından asılıdı ki, mən bu sistemdə səni müdafiə olunmaq üçün qoymuşam, yoxsa hücumda daha keyfiyyətli olmaq üçün.
- Yəni 3-lü, 5-li və başqası, sadəcə düzülüşdü.
- Bəli, tələbindən asılıdı. Ya sən bu düzülüşü müdafiədə və əks-hücum oynamaq üçün qoyursan, bu bir sistemdi, ya da o sistemi qoyursan, eyni. Məsələn, deyək ki, həmin “Çelsi”, həmin Tuxel, üç mərkəz müdafiəçisiylə oynayır, ancaq daha çox hücumda olur. Amma məsələn, Konte bir az müdafiədə oynayır, müdafiə üçün qoyur bunu.
* * *
- Maraqlıdı... Qısa müddətlik bir idman direktoru təcrübəniz də olub. “İnter”də bu postu tutmusuz. Niyə bu işə davam etmədiz?
- Anatoli Konkov dəvət etmişdi məni. Əvvəlcə çox maraqlı gəlirdi mənə. Sanki o iş daha elmi işdimi deyim, ona daha çoxmu vaxt ayırmaq lazımdımı, bilmirəm… İdman direktorları müxtəlif olur sırf akademiyalara nəzarət edən, yaxud əsas komandaya nəzarət edənlər. Mənim işim birinicidən idi. Əvvəlində çox istəkli idim, çox maraqlı gəlirdi, uşaqlarla yaxından maraqlanır, həvəslə çalışırdım. Amma ona qədər, xüsusilə də futbolçu kimi Rusiyada oynayanda fikirləşirdim ki, məşqçilik etmək istəyirəm, daha çox buna meylli idim. Ona görə də məhz “İnter”də olduğum vaxtda məşqçiliyə olan enerjim, istəyim məni məşqçiliyə çəkdi, nəinki idman direktorluğuna. Amma idman direktoru klubda ən vacib postlardan, vəzifələrdən biridi. Bu şəxs bacarıqlı, qabiliyyətli, istəkli, vətənpərvər, bir çox digər xüsusiyyətlərə malik olmalıdı. İdarəçilik, seçim, məşqçi seçimi. Hər şey orda cəmləşir.
- Belə çıxır ki, sizin bundan sonra hər hansı bir klubda idman direktoru postunda görmək ehtimalımız yoxdu?
- Niyə ki? Var, ola bilər. Ola bilər ki, mən müəyyən yaşdan sonra bunu edəm. Məşqçiliyin öz çətinlikləri var. Yaş öz sözünü deyir, hər şeyi qəbul etmək olmur. Ola bilər ki, daha sakit, daha az ünsiyyət tələb edən iş istəyəm.
- Bir qədər kölgədə olan iş…
- Bəli. Gələcəkdə nə vaxtsa belə bir postda ola bilərəm. Amma yenə də bunu həyat göstərəcək.
- Həmin “İnter” artıq “Şamaxı”dı. Klub qısa tarixi ərzində 4 dəfə adını dəyişib. Mən bunu idarəetmə səhvi kimi qiymətləndirirəm. Ümumiyyətlə, biz “Azərbaycan futbolunda peşəkar idarəetmə var” sözünü deyə bilərikmi?
- Bəlkə də mənə bu suala cavab vermək etik olmaz. Amma “var” deyə də bilərəm. Bakıdı, hamı bir-birini tanıyır, nəyə qadir olduğunu, necə birisi olduğunu bilirik. Ad çəkməyəcəm, ancaq bəzi klublarımızın işə yanaşmasına baxıram, görürəm ki, nəsə var, nə üçün isə bunu edirlər. Məqsədsiz deyillər. Üç ilə, 5 ilə inkişaf etmək üçün, bu gün üçün yox, sabah üçün edirlər. Bu, çox vacib məqamdı. Bizdə ümumiyyətlə bu günə qədər problem nə olub? Səhv o olub ki, biz ancaq bu günü fikirləşmişik. Bu gün desinlər ki, “bu komanda çempion oldu”, bu gün desinlər ki, “yeni bir stadion tikdik”, desinlər ki, “filan şey etdik”. Amma gələcəyi fikirləşməmişik. Bu isə ən asan görünən, ancaq ən vacib elementlərdən biridi. Məsələn, birdən-birə fikir formalaşdı ki, gəlin, “İnter”in adını dəyişək, “Şamaxı” qoyaq. Yaxud, filan stadionun otunu başqa cür edək, üstünü belə edək. Sən hər gün “Əlinin papağını götür, Vəlinin başına qoy, Vəlininkini Əlinin başına”, bu olmur. Bir yol, bir strategiya olmalıdı. Bilməlisən ki, hardan başlamalısan. Bir - uşaq futbolu; iki - şərait, akademiya; üç - mütəxəssis; dörd - sağlamlıq, beş - … Bunu biləsn, az bir vaxtda sən bu layihəni edə bilərsən. Əsas odu layihən olsun, nəyi necə etmək istəyini biləsən. O andan sonra işləmək asan olur, qalır, lazımi mütəxəssisləri seçməyin. Avropalılar bu barədə bizi üstələyir. Biz ayrı-ayrılıqda bir detal olaraq heç birini inkişaf elətdirmək haqqında düşünmürük. Yenə eyni mövzuya qayıadacam. 30 ildi müstəqilik, amma gəlin fikirləşək ki, bu müddətdə biz bir idman həkimi yetişdirmək haqda düşünmüşükmü? Sırf futbol idman həkimi. Düşünmüşükmü, federasiya ilə ADBTİA arasında, federasiya ilə Tibb Universiteti arasında əməkdaşlıq qurulubmu? Bilmirəm. Yetişdirmişikmi? Bilmirəm. Harasa oxumağa göndərmişikmi? Bilmirəm. Ola bilər ki, hə, kimlərsə gəlir Bakıya, 3-5 kəlmə danışır, seminar keçir, gedir. Amma belə də olmur axı. Türkiyədə bu gün nə qədər idman həkimi var. Hər sahəyə ayrı-ayırlıqda vaxt, diqqət ayırıblar. Qayıdaq meydana: mən bu gün futbolçu yetişdirməliyəm, müdafiəçi, yarımmüdafiəçi, hücumçu yetişdirməliyəm. Mən bunlar hər biri üçün ayrı-ayrı rejimlərdə iş aparmalıyam. Olar, amma mən həm futbolçu, həm də məşqçi, mütəxəssis yetişdirməməliyəm axı. Bax, sistem deyirsiz. Avropada hərə öz işiylə məşğuldu, məşqçilər oturub fikirləşir ki, müdafiəni beşlidə necə mükəmməl edəcəm, o biri oturub fikirləşir ki, 4-lünü necə fərqli edəcəm, o biri 3-lünü. Bu gün biz heç nəyi ayrı-ayrılıqda yaxşılaşdırmaq haqqında düşünməmişik. Elə ümumi olsun, birdən olsun. Bir sual verim: bax, futbol. Hə, stadion tikdik, baza tikdik. Yaxşı bəs biz bunu niyə, nəyə görə tikmişik?
- Yaxşı sualdı.
- Tikdik, ancaq bunları idarə etmək üçün kimləri yetişdirmişik? Biz məsələn, uşaq məşqçilərini idarə etmək, düzgün yönləndirmək, formalaşdırmaq üçün hansı işləri aparırıq? Bunları da mən etməli deyiləm. Mən əsas komandanın baş məşqçisiyiəm. Bu işi yaxşı görmək üçün Pro kateqoriyası almışam. Bununla çox şey udmuşam. Məsələn, düşünmüşəm ki, bunu belə edim, bir az narahat olmuşam ki, birdən səhv olar. Amma gedib öz gözünlə görəndə elmi, necə deyərlər, sənəd-sübutlu şəkildə “Barselona”da, “Borussiya”da, “Çelsi”də öz gözünlə görəndə daha da inamlı olursan. Cüzi bir şeylər olsa da, nə qədərsə irəli düşürsən. İtaliya, Fransanı, İngiltərənin əsrlərlə tarixləri, yaşları var. Bizim cəmi 30 yaşımız var. Onlarla yan-yana belə gələ bilmərik, mümkün deyil. Futbol tarixi, futbolçuları və s. Amma bəs cəhd eləmək, ora yaxınlaşmaq üçün bəs biz hansı addımı atırıq? Deyim: heç bir addımı. Biz heç kimi yetişdirmirik! Ən rahat yolu nədi? Xaricdən filankəsi gətirək… Nə vaxta qədər? Məsələn, məndə yerli bir dietoloq işləyir. İki ildi komandadı. Bəli, başlayanda ola bilər nəsə çatışmazlığı vardı. Amma Türkiyədə oxuyub, savadlıdı, cavan və perspektivlidi, istəklidi. Bəli, ola bilər hazırda Türkiyə klublarının dietoloqları ilə eyni səviyyədə deyil. Amma biz yenə də minimum bir addım atırıq ki, 3-5 ildən sonra deyilsin ki, belə bir dietoloq var. Futbolçular özləri ona yaxınlaşmağa başlayıblar ki, bəs mən hansı yeməyi yesəm necə olar, məşqdən əvvəl hansını, sonra hansını. Suallar var ki, məsələn, yeməkxanada yemək hansı dərəcədə olur və s. Mən gedib buna qarışası, buna vaxt ayırsa deyiləm ki. Ayırsam da mənə bir o qədər çatmayacaq bu iş, lazımi qədər dərk etməyəcəm. Kiçik bir şeydi, ancaq işdi. Bir fiziki hazırlıq məşqçimiz vardı, bizim Çudomirin yanında olurdu, gəldi istədi, “Zirə”yə icarəyə verdik, Rəşadın yanında püxtələşdi. Yetişdirmək üçün etdik bunu. Amma bu tək bizə aid iş deyil. Bu iş federasiya səviyyəsində olmalıdı. Peşəkarlar olmalıdı. Hamı baş məşqçi ola bilməz, hamı fiziki hazırlıq məşqçisi, hamı həkim ola bilməz. Hərənin öz qabiliyyəti, bacarığı var və onu yönləndirən insanlar lazımdı. Sabah bizim sağlam futbolçu yetişdirmək üçün kimimiz var? Heç bir həkim, heç bir klubumuz məndən inciməsin, amma kimimiz var ki, gəlsin desin ki, sənə güvənirəm həkim kimi, mən formalaşmalıyam. Yoxdu. Bu işə heç vaxt da ayırmırlar. İstəmirlər də eləmək.
- İxtisaslaşma olmalıdı…
- Bir dostumla danışırdıq, yadımıza düşdü. Bizdə bir psixologiya vardı o vaxtlar: məni oğlum ancaq Bakı Dövlət Universitetini oxumalıdı, mənim oğlum ancaq prokuror olmalıdı, yaxud mənim oğlum ancaq həkim olmalıdı. Amma yüz dənə sahə var. Hamı eyni ola bilməz ki, hamı prokuror ola bilməz ki, hamı həkim ola bilməz ki. Biri pinəçi olacaq, biri bərbər olacaq, amma işinin peşəkarı olacaq, sənətkar olacaq. Biz bu istiqamətdə işləməliyik, bunu yaxşılaşdırmalıyıq. Biz durmuşuq futbolda ki, məşqçi lazımdı, futbolçu lazımdı. Yox, qardaş, elə deyil. Ona qədər biz hələ digərlərini yetişdirməliyik. Onları yetişdirmək üçün bizə milyonlar, fiziki güc lazım deyil ki. Sadəcə bir az savad lazımdı. Ki, şükürlər olsun, savadlı insanlarımız var. Universitet lazımdı, varımızdı. Komandalar lazımdı, onlar da varımızdı. Sadəcə istək və düzgün yol lazımdı. Ki, bu sistemi qurasan. Amma yoxdu.
- Üzücü durumdu.
- Futbolu yaxşılaşdırmaq üçün futboldankənar çox şey var ki, onları yaxşılaşdırmalıyıq.
* * *
- Futbol barədə çox dərin danışdıq. Bir qədər də başqa mövzudan danışmaq, soruşmaq istəyirəm. Qurban Qurbanov haqqında danışanda haqqında “Tarix yazan məşqçi” deyə bəhs edirlər. Bu söz çox işlənir. Ümumiyyətlə, tarixlə maraqlanırsızmı? Sizə görə kimlər böyük tarixi şəxsiyyətlərdi: sərkərdələr olsun, şahlar, döyüşçülər…
- (fikirləşir) Məktəbdə 8-ci sinifə qədər tarixlə yaxından maraqlanmışam. Ona qədər bütün fənlərdə qiymətlərimin hamısı əla olub.
- Sonra futbol gəlib…
- Bəli, futbola qədər (gülür). 9-11-ci siniflər sadəcə məktəbi bitirmək üçün olub. Tarix… Əvvəllər tarixi filmlərə çox baxırdım. Düzdü, filmlərdə hadisələr və şəxsləri bir qədər şişirdirlər. Amma yenə də uşaq vaxtı yadımda qalanlar olub və onlardan motivasiya almışam. Konkret tarixi şəxsiyyətə gəlincə, şükürlər olsun ki, müsəlmanıq və bizim bir nümunəmiz var. O da Məhəmməd Peyğəmbərdi. Onun əxlaqı, davranışı, cəmiyyətə, bəşəriyyətə olan tövsiyyələri, böyük bir nümunədir. Həmişə ona maraq göstərirəm. O ki qaldı digər sərkərdələrə, hamının ağlına gələn ilklərdən məsələn, Napoleon Bonapartdı. Balaca boyu ilə nələr əldə edib. Amma ondan da böyükləri var: məsələn, Osmanlı. “Kuruluş Osman”, “Diriliş Ertuğrul” kimi seriallara arada baxıram, çünki çox vaxtım olmur, 10-15 dəqiqə epizodları izləyirəm. Ordakı qəhrəmanların keçdiyi yolu tarix kimi eşitmişdim, maraqlanmışdım, amma filmdə sanki canlı görürsən. Ola bilər çəkənlər nəyisə bəzəyirlər, amma insana vətənpərvər olmaq, qürurunu qorumaq, xarakterini bərkitmək üçün belə kinolar böyük əhəmuiyyət daşıyır. Böyük bir maraqdı. Elə həmin Napoleon kimi Teymurləngi götürək. O da xarakteri hesabına kiçik boyuyla dünyanı fəth edib. Belə faktlar insana cüzi də olsa, təsir edir. Amma Osmanlı tarixi daha yaxındı mənə. Onlar o şəraitlərdə nələrdən keçiblər… Həm də ki məqsədləri düzgün olub: ölkəni qurmaq, dinimizi qoruyub-saxlamaq, Vətəni sevmək, vətənpərvər olmaq. Çox maraqlı ssenarisi var həmin filmlərin. Həqiqətən də elə olub: meşələrdə olublar, qaçıblar, atası, sonra özü; uşağı varkən əzab-əziyyətlərə dözmək, öz yaxınını qurban vermək… Nəyisə əldə etmək üçün nəyisə qurban verməlisən. Belə insanlar az olur və onlar seçilirlər digərlərindən. Və bunların hamısının cəmində inanın ki, 44 günlük müharibəmizdə çox istəyərdim ki, bizim o Xüsusi Təyinatlıların (XTQ) yanında olum ki, onları iş başında canlı görə bilim. Hər birimizin yaxını var, ordan eşidirik, bəzi şeyləri daha doğru eşidirik. Amma bizim eşitdiklərimiz heç nədi. Bizim o kinolara gördüklərimiz heç nədi. Bizim sırf o XTQ-lərin elədikləri bu kinoları, bu sərkərdələri, onları elə bil üstələdi də. Bax, düşünək: o vaxt döyüşmək üçün silah nə idi?
- Qılınc, ox, nizə…
- Bəli, yəni səni 500 metrdən vura bilməzdilər. Amma indi səni kilometrlərlə uzaqdan vura bilərlər. Amma buna baxmayaraq sən haralara çıxırsan, nələr edirsən… XTQ-mizin bu şücaəti mənə çox güc verdi, məni xarakter olaraq dəyişdi. Ona görə mən həmişə dəfələrlə demişəm ki, Allah onları qorusun, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Hər bir xalqın damğası olur. 30 illik işğal zamanı üzərimizdə başqa bir damğa vardı, amma bundan sonra Azərbaycan xalqının damğası başqa yönə dəyişdi. O vaxtlar Spartalılar deyir, haqqında danışırdılarsa, Osmanlı haqqında danışırdılarsa, başqalarını deyirdilərsə, indi də azərbaycanlılar haqda danışır, etdiklərimizi deyirlər. Bunu edənlərlə qürur duyuram.
- Yaxşı bir məqama toxunduz. Biz azərbaycanlılar həmişə sülhsevər xalq olmuşuq, kiminsə torpağında gözümüz olmayıb, daima haqq döyüşü aparmışıq, tarix də bunu təsdiq edir. Bizi bir kənara qoyaq. Bu sual fəlsəfi sual olacaq, amma yenə də soruşum: ümumiyyətlə, insanlar niyə bir-biriləriylə müharibə edirlər? Niyə sülhü yox, döyüşü seçirlər? İnsan insanla yola gedə bilər, insan insana zərər verməyə bilər, sülh şəraitində yaşaya bilər, amma müharibəni seçirlər. Niyə?
- Bu barədə çox danışmaq olar. Amma mənə elə gəlir ki, bu bizə aid olmayan şeylərdi. Dünyanı özləri üçün idarə edənlər var. Öz maraqları var və sanki əmin-amanlıq istəmirlər və istəyirlər ki, kimlərsə olmadan, dünyanı ancaq özləri idarə etsinlər. Amma heç kim də fikirləşmir ki, bu dünyanı idarə edən bir nəfərdi: Allah! O necə istəyir, elə də idarə edir. Ola bilər ki, kiməsə “imkan” yaradır, “buraxır”, “mane olmur”, amma birdən elə qəzəblənər ki, sən ən böyük derjava da olsan, hökümət də olsan, dövlət də olsan, fərqi yoxdu, qarşısında tab gətirə bilməzsən.
- İnanclı insansız. Bu tərəfiniz, inanclı olmağınız, dinə bağlılığınız sizə işinizdə, həyatınızda necə kömək edir?
- Çox kömək edir. Hamısına mümkün deyil, qüsurlarımız var, amma çalışıram ki, bir müsəlman olaraq qaydalara tam riayət edim. Mən gözümü açandan anamın ibadət etdiyini görmüşəm. O vaxt çətin vaxtlar idi, hətta deyərdim bəlkə də gizlindən ibadət edirdi. Ondan öyrənmişəm. Müsəlmanıq. Haqq burda, ədalət burda, dostluq burda, hər şey burda, İslamdadı. Dinimizdə hər şey var. Hər şeyi gözəl-göyçək göstərib, təqdim ediblər bizə. Din deyir ki, paxıl olma, işgüzar ol, daima pis şeylərdən uzaq ol, yaxşıya daha çox yaxınlaş. O qədər yanlış addımlarım, yanlış danışığım, yanlış hərəkətim, yanlış işim olub ki... Dinimiz mənə çox şeylər verib. Məsələn, dinimiz həmişə deyib ki, yerindən asılı olmayaraq rəhbərinə sadiq ol. Ölkə rəhbərinə, işdə rəhbərinə sadiq olmaq, ona qarşı çıxmamağı tövsiyə edib, mən də bunu özümdə həkk eləmişəm. Hazırda klubdayıq, burda da mənim rəhbərim var. Mən burda hə, baş məşqçiyəm. Amma klubu idarə edənlər var, rəhbərləri var. Onlara sadiq olmaq, onlara qarşı çıxmamağı öyrənmişəm. Din mənə çox şey verib. Həyatımdan razıyam, narazı bir dənə özümdənəm. Daha fərqli ola bilərəm, amma insan nəfsi bəllidi. Bir gün dözə bilirsən, bir gün dözə bilmirsən. Buna görə özümdən narazıyam.
- Son suala gələk. Media barədə soruşacam. Media sizi həm tənqid edir, həm də tərifləyir. Mən həmkarlarım arasında deyirəm ki, Qurban Qurbanov bizi jurnalistdən tamadaya çevirib, çünki yalnız tərifləməklə məşğuluq. Məcburuq, çünki nəticələriniz, əldə etdiyiniz uğurlar bunu bizə vadar edir. Amma tənqidə də yer tapırıq. Qarşı tərəfdən, yəni sizdən isə bizə tənqidi eşitmirəm. İstəyirəm ki, siz bu sual çərçivəsində bizi tənqid edəsiz. Xüsusilə futbol jurnalistikamızın zəif tərəfini nədə görürsüz? Biz nəyi dəyişməliyik ki, daha yaxşı olaq?
- Hərə öz işinin ağası olsa, hərə öz işinə daha çox vaxt ayırsa, öz işi haqqında fikirlərini bildirsə, bizim heç bir problemimiz olmaz. Mən durub bu gün mediaya deyim ki, siz elə işləməlisiz, belə işləməlisiz… Nəsə deyərəm, dediyim 10 sözdən biri düz çıxar. O da bir atmaca kimi olar: atdım, tutdu-tudu. Bu da düz olmaz. Mən başqa sahəyə müdaxilə eləməyə qarşıyam. Çünki mən nə qədər elmli, savadlı olsam da bu gün medianı səndən yaxşı bilə bilmərəm, yaxud sizin ən zəif kadrınızdan belə yaxşı bilə bilmərəm.
- Həm təvazökarlıq edir, həm də cavabdan yayınırsız.
- Yox, həqiqəti deyirəm. Mən də insanam, əsəbləşə, hirslənə bilərəm. Söhbətimizin əvvəlində futboldan, elementlərdən danışdıq, gördük ki, nə qədər xırda detallar, elementlər var. Siz görmürsüz mən burda nələrdən keçirəm, hansı addımları atıram. Eynilə, mən də görmürəm ki, siz nələrdən keçirsiz. Çünki mən o sahədə olmamışam. Mən sadəcə sizə uğurlar arzulaya, inkişaf etməyiniz üçün bacardığım qədər dəstək dura bilərəm. Necə ki, məndə, futbolda inkişafa ehtiyac var, eyni qaydada da sizdə. Hansı formada olmalıdı, onu siz daha yaxşı bilərsiz. Sadəcə, mənim üzərimə nə düşürsə, nə dəstək lazımdısa, buna eləməyə hazıram. Ki, siz yaxşı olasız, mənim azərbaycanlılarım yaxşı olsunlar, mənim azərbaycanlı mediam yaxşı olsun, yaxşı səviyyədə olsun. Hər sahədə o qədər istedadlı mütəxəssislərimzi var ki, başqa ölkələrdə bu qədəri yoxdu. İnanın mənə yoxdu. Vallah yoxdu. Sanki hər sahəmizdə bacarıqlı insanlara bir təkan, paxıl olmamaq lazımdı ki, kiminsə potensialı varsa, qoy irəl getsin, formalaşsın. Gücüm yetdiyi qədər yanınızdayam, dəstəyə hazıram.
Kənan Məstəliyev