Qurban Qurbanovun ilin ən yaxşı məşqçisi kimi mükafatandırılması mərasimi keçirilib.

"Rekord.az" xəbər verir ki, komanda.az saytının jurnalistlər arasında keçirdiyi sorğuda qalib olan Qurban Qurbanova mükafatı Komanda.az saytının baş redaktoru Rəşad Ergün tərəfindən təqdim olunub. 47 yaşlı mütəxəssis 10-cu dəfə bu mükafata layiq görülməsiylə bağlı bunları deyib:

“Hər dəfə bu adı qazananda həqiqətən çox sevinirəm və daha çox məsuliyyətli oluram. Bir dəfə məndən soruşmuşdular ki, “içinizdə qorxursuzmu”, demişdim “bəli”. Çünki hər zaman uğursuzluq ola bilər. Sizə söz vermişəm ki, hər zaman məsuliyyətli olmağa çalışacam. Azərbaycana və Azərbaycan futboluna fayda verməyə çalışacam. Bəzi reallıqlar var ki, hansısa komanda bizdən güclü olur. Hər zaman stabil qalmaq asan deyil. Təkcə futbolda deyil, həyatda da görürük ki, bəzən hansısa narahatlıqlar olur.

Bu gün “Qarabağ”ın Avropa Liqasının qrupunda olub-olmamasından asılı olmayaraq, hər zaman istəmişəm ki, azı bir klubumuz qrupda oynasın. Bu, bizim üçün çox yaxşıdır. Gələn komandalardan nəsə alırıq, öyrənirik. Hər il nəsə bir yenilik olur. Bu, Qarabağın Azərbaycana aid olmasını göstərmək üçün bir şans olur. Hər zaman istəyirik ki, uğurlarımız daha çox olsun. Biz çempionluğu çətin əldə etdik, sonra qrupa düşmək kimi məsələlər heç də asan olmadı. Söz verirəm ki, həvəsdən düşməyim. Öz üzərində çalışım. Öz işimizi düzgün yerinə yetirsək, uğur da olacaq. Hər kəsə məni bu mükafata layiq gördüyünüz üçün təşəkkür edirəm. Bəzi kütlələrin verdiyi dəyər fərqli olur. Sizin verdiyiniz dəyər mənim üçün çox önəmlidir. Siz daim idman ictimaiyyətinə bizim işimizi daha ətraflı çatdırırsız. Sizin də işiniz fərqlidir. Hər zaman doğru olmalısız. Çətinlikləriniz çoxdur, son zamanlar ümumi problemlər daha çoxdur. Hamımız bunu başa düşürük, siz də həvəsdən düşməyin”.