Qurban Qurbanov: “Onlara “Rəşad Sadıqovun uşaqları” deyirəm”
- 23 Fev 2020 20:58
- 1236
“Gərgin oyun oldu. Hər iki komanda yaxşı futbol göstərdi”.
Rekord.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XVIII turunda “Sumqayıt”la keçirilən oyun barədə danışarkən deyib.
Ölkə çempionunun öz meydanında 1:0 hesabı ilə qalib gəldiyi matçdan sonra təşkil edilən mətbuat konfransında Qurbanov komandasının çıxışını dəyərləndirib: “Vacib 3 xal qazandıq. Çempionatda hər keçən oyuna daha ciddi yanaşmalıyıq”.
- Komandanın bombardiri Mahir Emreli yersiz hərəkətlə qırmızı vərəqə aldı. Onunla bu barədə söhbətiniz olacaqmı?
- Söhbət hər bir futbolçu ilə olur. Hər iki sarı vərəq epizoduna baxmaq lazımdır. Sarılıq hərəkət idimi? İkinci sarı vərəqədə topa müdafiəçidən tez çatmışdı. Bəsit “sarı”lar aldıq. Daha doğrusu, verdilər. Futbolçu istər-istəməz çılğın olur. Bu dərəcədə sadə vərəqə vermək olmaz. Mahirə irad bildirdim ki, sarı vərəqən var idi, ehtiyatlı oyna.
- “Sumqayıt” sizə sürpriz edə bildimi?
- “Sumqayıt”la oyunlarımız həmişə gərgin keçir. Belə qarşılaşma gözləyirdik. İkinci hissə daha rahat oynadıq, xeyli sayda qol epizodlarımız oldu. “Sumqayıt” çempionatın ən yaxşı komandalarından biridir. Topla yaxşı rəftar edirlər, bir-birlərini tamamlayırlar. Oyunçuların potensialını da bilirdik. Özümüzü hazırlamışdıq.
- Ovusunun oyunu sizi qane etdimi?
- Normal oynadı. Bir neçə epizodda daha dəqiq ola bilərdi. Amma oyunda sürəti, mübarizəni artırdı. Hər futbolçu sonradan meydana çıxıb yaxşı oynamağı bacarmır. Ancaq Ovusu özünü yaxşı tərəfdən göstərdi. Ona inanırıq.
- Ramil Şeydayevin Azərbaycana qayıdışını necə qiymətləndirirsiniz?
- Hamımız istərdik ki, xarici ölkələrdə futbolçularımızın sayı çox olsun. Amma bəzən situasiyaya görə belə addım atılır. Oyun praktikası çox vacibdir. Əvvəldən belə istəyi olsaydı, yanvardan dərhal gələrdi. Yəqin ki, bir neçə variantı olub, alınmayıb. Ramilin böyük potensialı var. İşgüzarlığına görə həmişə razı qalmışıq. Daha səviyyəli çempionatlarda oynamaq lazımdır ki, inkişaf edəsən. Düşünürəm ki, onun inkişafı üçün gələcəkdə daha yaxşı variant düşünəcəklər.
- Toral Bayramovun çıxışına necə qiymət verirsiniz?
- Toral son vaxtlar özünü yaxşı tərəfdən göstərir. Həm də Ailton Silva oyunu buraxırdı, cəzalı idi. Rəqibə görə Miçeli də meydana buraxdım. İlk dəqiqələrdən onun meydanda olmasını istədim. İlk oyunu olsa da, razı qaldım. İlk dəqiqələrdə Toral həyəcanlı idi, amma getdikcə sərbəst oynadı. Qol pasını da verdi.
- Onun ən optimal mövqeyi hansı olar?
- Hücumameyilli oyunçudur. Ön xətdə aktivdir. Müdafiədə oynamağı da bacarsa, ondan yaxşı sol cinah müdafiəçisi çıxar. Həm boy, həm sürəti, həm topla davranışı yaxşıdır. Belə oyunçunun olması da vacibdir. Ən əsası, yaxşı ötürmələri var, epizodlarda düzgün qərar verə bilir. Hələ bir az uşaq kimidir. Keçən ilin may ayından bəri bizimlədir. Həm xarakterində, həm oyununda çox dəyişiklik olub.
- Limitə düşən gənclərlə bağlı tez-tez rotasiyalar edirsiniz. Bunu rəqiblərə uyğun edirsiniz, yoxsa mövqelərə görə?
- Bir az rəqibə uyğun olmasına diqqət ayırırıq. Çalışırıq ki, bütün futbolçular ən azı 2-3 oyun oynasınlar. Tez böyümələri üçün onları oynatmağa çalışırıq. Onlara “Rəşad Sadıqovun uşaqları” deyirəm. Çünki onları Rəşad tapıb. İmkanım olsa, hamısını meydana buraxaram. Amma “Qarabağ” fərqli komandadır, birdən-birə bunu etmək olmaz. Gələcəkdə onların simasında kollektiv qurmaq fikrimiz var.
- Rəşad Sadıqovun millinin baş məşqçisi postuna getməsi məsələsi var. Bu barədə nə deyə bilərsiniz?
- Bu barədə hər şey yazılıb. Təkliflərdən biridir. İctimaiyyət belə bir rəy bildirib. Bu da elə-belə deyil. Onun futbolda qoyduğu iz, ona olan hörmət, inamdan belə rəy formalaşıb. Gənc məşqçilərimizə inam böyükdür. (apasport)