Qurban Qurbanov: “Onun transferini uğursuz adlandırırıqsa…”
- 08 Yan 2020 12:50
- 826
Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, İcraiyyə Komitəsinin üzvü və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov iclasdan sonra jurnalistlərin suallarını cavablandırıb:
– Yeni ildə məşqlərə başlamısız, kimlər iştirak edir, kimlər hələ komandaya qoşulmayıb?
– Dünəndən başladıq məşlərə. Bu gündən hər kəs məşqlərdə iştirak edəcək. Ayın 12-nə kimi burda olacağıq.
– Riçard Almeydanın gedişi mətbuatda əks-səda doğurdu. Xəbərlərə görə, maddi məsələlərdə razılığa gələ bilmədiz. Bəlkə, bu məsələyə nöqtəni siz qoyasız? Almeyda “Qarabağ”dan niyə getdi?
– Dəqiqi odur ki, maliyyə məsələlərində razılaşmadıq. Təklifimiz hələ də qalır, Almeyda da komandada qalmağı çox istəyir. Düşünmək üçün bir az vaxt istədi. Braziliyaya getdi, məsələ hələ də açıq qalır.
– “Qarabağ”a Almeydasız çətin olacaq?
– Almeyda neçə illərdir ki, bizimlədir, əsas futbolçularımızdan biri hesab olunur. Komandadan ayrılsa, mütləq başqa planlar fikirləşməliyik. Çalışmalıyıq ki, onun yoxluğu komandada çox hiss olunmasın. Almeydanın da öz üstün cəhətləri vardı. İstənilən halda, onun qərarlarına hörmətlə yanaşırıq və qərarını gözləyirik.
– Almeydanın boşluğunu qışda doldurmağı düşünürsüz, yoxsa yaya qədər gözləyəcəksiz?
– Düzü, bu yaxınlarda işimizi dəqiqləşdirib, qərar vermək istəyirik. Bir neçə futbolçuyla danışıqlar gedir. Bu məsələləri indi həll etməyə çalışırıq.
– Emin Mahmudovun transferi nə dərəcədə realdır?
– Eminlə bizim danışığımız olmayıb.
– Bəs qapıçı məsələsi nə yerdədir?
– Qapıçı məsələsiylə bağlı da hansısa yenilik yoxdur. İndi hər kəs nisbətən rahatdır, transfer pəncərəsinin bağlanmasına vaxt var. Ona görə də, futbolçular daha əlverişli variantlar əldə etmək istəyirlər. Düşünürəm ki, bəzi futbolçular bizə fikirlərini son anda deyəcəklər.
– Asmir Beqoviç və Maqaye Qeyenin transferlərini necə dəyərləndirirsiz? Fikirlər var ki, bu iki futbolçunun keçidi uğursuz oldu.
– Beqoviçin də transferini uğursuz adlandırırıqsa, deməli, digər futbolçuların üzərinə o qədər də getməməliyik. İstənilən futbolçu səhv edə bilər, keçidi istədiyin kimi alınmaya bilər. Transfer etmək asan məsələ deyil. Beqoviçin oyunundan razı idim. Çox istərdik ki, onunla qrupdan çıxaq. Ola bilər, ona görə müəyyən qədər uğursuz hesab olunur. Amma düşünürəm ki, heç bir halda pis transfer olmadı. Qeyenin də komandaya az faydası dəymədi. Daha yaxşı olmasını istəyərdik.
– Qış fasiləsində yeni hücumçu gözlənilirmi?
– Bəli, gözlənilir.
– Növbəti mövsümdən çempionatda legioner limitində dəyişikliklərin olacağı deyilir. Bununla bağlı fikirləriniz nədir?
– Açığı, hələ bu barədə düşünməmişəm. Belə qərar haqqında da eşitməmişəm. Müzakirəyə çıxarılandan sonra öz fikirlərimizi bildirəcəyik.
– Yeni mövsümdən klubların sayı 10-a çatdırıla bilər. Sizcə, bu, kifayət edir?
– Hər halda, 8 klubdan yaxşı olacaq. Ən azından 1-2 komanda gəlsə, yaxşı olar.
– Premyer Liqaya gələcək klubların arasında “Zaqatala”nın olmamasına münasibətiniz necədir?
– Normal. Neçə illərdir yoxdur. Bu gün də olmamasını normal qarşılayacağıq.
– Mahir Emrelinin komandadan gedişi mümkündürmü? Eyni zamanda, mətbuatda Musa Qurbanlının da ölkə xaricinə gedəcəyi yazılır.
– Hazırda bizdə olan məlumata görə, heç birinə belə təklif yoxdur. Nə Musaya, nə də Mahirə.
– “Qarabağ”ın uğurlarının timsalında bəzi futbolçuların qiymətinin artmasına münasibətiniz necədir?
– Normal bir prosesdir. Hər halda, klubun imkanlarından artıq heç kimə qiymət qoyulmur.
– Son günlər Rusiyanın veteran futbolçuları belə çıxışlar edirlər ki, keçmiş SSRİ çempionatı formatında MDB turniri keçirilsə, daha baxımlı, maddi cəhətdən inkişaf üçün yaxşı layihə olar. Siz necə düşünürsüz?
– Hazırda bu məsələ qeyri-real söhbətdir. İstəməzdim ki, kiməsə qulluq edək. Çox istəyərəm ki, bu ideyanın əksinə, hamımızın fikri Azərbaycan futbolunda olsun. Maddi yardımlar, köməklər bizim futbolumuza yatırılsa, klubların sayı artırılsa, keyfiyyətli futbolçular gəlsə, özümüzdə maraq daha çox olar. O çempionat bu gün olar, sabah olmaya bilər. Özümüzə güvənməliyik. Kiməsə güvənib, kiminsə bayrağı altında iştirak etmək əvəzinə, özümüzə fikir versək, daha yaxşı olar. Bu gün bu tip müxtəlif təkliflər olur, amma düşünürəm ki, öz çempionatımıza, öz futbolçularımıza bu gücü versək, daha uyğun, daha yaxşı olar.