Qurban Qurbanov baş məşqçi kimi 11-ci dəfə Azərbaycan çempionu tituluna yiyələnib.


Rekord.az xəbər verir ki, bütün bu titulları “Qarabağ”ın “sükanı arxası”nda qazanan 53 yaşlı mütəxəssis özünün sahib olduğu rekordu yeniləyib.


O, bu çempionluqları son 12 ildə qazanıb. 11-ci titul Misli Premyer Liqasının 32-ci turunda təmin olunub.


Qurbanov bunadək 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2018/19, 2019/20, 2021/22, 2022/23 və 2023/24 mövsümlərində də “Qarabağ”ın çempionluğunun memarı kimi tarixə düşüb.


Ümumiyyətlə, 11 baş məşqçi Azərbaycan çempionatının qızıl medalını qazanıb. Ağasəlim Mircavadovun 5 çempionluğu var: 1993, 1999/2000, 2000/01, 2004/05, 2006/07. 


Kazbek Tuayev (1993/94, 1995/96, 1996/97, 2003/04) dörd, Mehman Allahverdiyev (1994/95, 1997/98, 1998/99) və Böyükağa Hacıyev (2005/06, 2011/12, 2012/13) hərəyə üç dəfə çempionluq sevinci yaşayıb.


Əhməd Ələsgərov 1992, Valentin Xodukin 2007/08, Qyoko Hacıyevski 2008/09, Kaxaber Sxadadze 2009/10, Arif Əsədov 2010/11 və Samir Abasov 2020/21 mövsümündə yeganə çempionluğunu qeyd edib.