Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında 2022-ci ilin ilk görüşləri keçirilib. "Rekord.az" xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının idman zalında iki qarşılaşma baş tutub.

Günə “Azərreyl” və “Murov” arasındakı matçla start verilib. III tur çərçivəsində təşkil olunan görüşün ilk seti gərgin mübarizə şəraitində keçib. Daha təcrübəlilərin yer aldığı “dəmiryolçular” hissəni 2 top fərqi ilə hesabına yazıb. Famil Ağayevin komandası ikinci setdə asan qələbəyə sevinib. Üçüncü hissə bərabər səviyyədə keçsə də, “Azərreyl” matçın hesabını müəyyənləşdirib – 3:0.

Ardınca UNEC və “Abşeron” üz-üzə gəlib. İlk seti 25:19 hesabı ilə xeyrinə bitirən Eldar Yusubovun yetirmələri ikinci hissəni 13 top fərqi ilə qazanıb. “Abşeron” son üçüncü setdə isə 25:18 hesabı ilə qalib gələrək, rəqibini 3:0 hesabı ilə məğlub edib. 

Beləliklə, bu oyunlardan sonra 6 xalla “Abşeron” turnir cədvəlinə başçılıq edir. Onlardan fərqli, bir qarşılaşma keçirən “Azərreyl” 3 xalla ikincidir. Startda “dəmiryolçular”a uduzan UNEC-in xalı yoxdur. 2 oyunda nə set, nə xal qazanmayan “Murov” isə turnir cədvəlində sonuncudur. 

18 yanvar
Super Liqa
III tur

“Azərreyl” – “Murov” - 3:0 (25:23, 25:13, 27:25)
UNEC – “Abşeron” - 0:3 (19:25, 12:25, 18:25)