Qusarda jurnalistlər arasında Zəfər Kuboku keçirilib
- 21 İyl 2024 23:07
- 475
Qusar Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin 101-ci ildönümü münasibətilə jurnalistlər arasında keçirilən voleybol üzrə Zəfər Kubokuna yekun vurulub.
Rekord.az xəbər verir ki, İdman Araşdırmalar Mərkəzi və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, "Avrora Qrup"un baş sponsorluğu, "Sumqayıt" klubu və "Rabitəbank"ın təşkilati dəstəyi ilə gerçəkləşən yarışın həlledici matçında "Şuşa" və "Kəlbəcər" komandaları üz-üzə gəlib. Gərgin keçən görüş birincilərin qələbəsi ilə yekunlaşıb - 2:0 (25:20, 25:21).
Beləliklə, "Şuşa" ardıcıl üçüncü dəfə Zəfər Kubokunun qalibi olub.
3-cü yer uğrunda görüşdə isə "Füzuli" "Ağdərə"dən üstün olub - 2:0 (25:21, 25:14).
Xatırladaq ki, daha əvvəl keçirilmiş yarımfinal oyunlarında "Şuşa" "Füzuli"ni (25:20, 25:20), "Kəlbəcər" isə "Ağdərə"ni (25:15, 25:14) üstələmişdi - 2:0.
Mükafatlandırma mərasimində Qusar Olimpiya İdman Kompleksinin direktoru və İdman Araşdırmalar Mərkəzinin sədri Elşən Məmmədov, Azərbaycan Voleybol Federasiyasının mətbuat katibi Şəfəq Kərimova, "Sumqayıt" Voleybol Klubunun direktoru Azər Kərimov və baş sponsor "Avrora Qrup"un İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisiVasif Musayev iştirak edib.
Əvvəlcə baş sponsor "Avrora Qrup"a və "Sumqayıt" klubuna təşəkkürnamə təqdim olunub.
Daha sonra "Füzuli" komandasının üzvləri bürünc medallarla təltif olunub.
"Kəlbəcər" komandası gümüş medal və "Rabitəbank"ın hədiyyələrinə sahib çıxıb.
"Şuşa"ya isə qızıl medal, "Rabitəbank"ın qiymətli hədiyyələri və Zəfər Kuboku verilib. Turnirin ən yaxşı oyunçusu isə qalib komandanın üzvü İskəndər İbrahim seçilib.