Qusarda "Şahin" hərbi-idman oyunları üzrə rayon birinciliyi keçirilmişdir
- 20 Apr 2023 14:42
- 371
Qusar Olimpiya İdman Kompleksində rayonun ümumtəhsil məktəbllərinin komandaları arasında ənənəvi olaraq "Şahin" hərbi-idman oyunları üzrə rayon birinciliyi keçirilmişdir.
Rekord.az xəbər verir ki, rəsmi açılış mərasimin də Gənclər və İdman idarəsinin,Quba-Xaçmaz Regional Təhsil idarəsinin Qusar sektorunun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Qusar rayon şöbəsinin, Fövqəladə Hallar Nazirliyinin Şimal regional şöbəsinin, Polis şöbəsinin, rayonda yerləşən "N" saylı hərbi hissənin məsul əməkdaşları iştirak etmişlər.
İlk öncə Ümummilli Liderimiz Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, sonra Azərbaycan Republikasının Dövlət himni səsləndirilmişdir.
Tədbirdə giriş sözü ilə çıxış edən Gənclər və İdman idarəsinin rəisi Emil Əmirmətov gənc "Şahinlər"i salamlayaraq onlara rayon və növbəti mərhələlərdə yüksək nəticələr əldə etməyi arzulamışdır. O müasir dövrdə gənc nəslin hərtərəfli inkişafı üçün dövlətimiz tərəfindən geniş imkanların yaradıldığını, yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi işinin geniş şəkildə təbliğ edilməsinin gənclərlə iş sahəsində qarşımızda duran başlıca vəzifələrdən biri olduğunu ,indi qalib xalqın nümayəndələri kimi hər yerdə fəxr etdiyimizi tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Tədbirdə çıxış edən Təhsil sektorunun nümayəndəsi Samir Hümmətov, Olimpiya idman Kompleksinin direktoru Elşən Məmmədov hərbi-idman oyunlarının keçirilməsinin əhəmiyyətindən danışmış, komandalara uğurlar arzulamışlar.
Təntənəli açılış mərasimindən sonra oyunlara start verilmişdir.Gənclər və İdman idarəsinin təsis etdiyi hakimlər heyətinin idarə etdiyi yarışlara hər birinin heyətində 10 oğlan və 4 qız olmaqla , ümumilikdə 22 tam orta məktəbin komandası qoşulmuşdur.
İştirak edən komandalar sıra hazırlığı, intellektual müsabiqə, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki-müdafiə hazırlığı, komanda qərargahı çadırının qurulması və s. mərhələləri üzrə tapşırıqları icra etmişlər.
Maraqlı mübarizə şəraitində keçirilmiş mərhələlərdə toplanmış balların ümumi nəticələrinə əsasən I yerə Qusar şəhər 1 saylı, II yerə 2 saylı, III yerə Aşağı Ləyər məktəbinin komandaları layiq görülmüşdür.