Radik İsayev Antalyada çempion oldu
- 14 Fev 2022 11:15
- 537
Azərbaycan taekvondoçuları ənənəvi “Turkish Open” beynəlxalq turnirində iştirak ediblər.
Rekord.az xəbər verir ki, Antalyada keçiriləcək G2 kateqoriyalı turnirdə ölkəmizi 22 kişi və 8 qadın idmançı təmsil edib.
49 ölkədən 1250 taekvondoçunun qatıldığı turnirdə fevralın 12-də qadınlar, 13 fevralda isə kişilər mübarizə aparıblar.
Mövsümün ilk yarışı komandamız üçün uğurlu alınıb. Belə ki, millimizin aparıcı üzvlərindən olan Radik İsayev 2G kateqoriyalı bu turnirdə qızıl medal qazanıb. 87 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançımız türkiyəli Əkrəm Əli Yılmazı, koreyalı Ho Yeon Kangı, özbəkistanlı Şokruk Rəcəbovu və rusiyanı təmsil edən Mixail Poduzovu məğlub edərək “Turkish Open” beynəlxalq turnirinin qalibi olub.
Komandamızın digər üzvlərindən Səyyad Dadaşov (54 kq) və Məhəmməd Məmmədov (80 kq) yarlmfinalda məğlub olaraq bürünc medala layiq görülüblər.
İlk yarış günündə isə qadın taekvondoçularımızdan ikisi bürünc medal qazanıb. Patimat Abakarova (53 kq) və Fəridə Əzizova (67 kq) üçüncü yerlə kifayətlənməli olub.
Beləliklə, Azərbaycan yığması ənənəvi turniri bir qızıl və dörd bürünc medalla başa vurub. ATF-in baş hakimi, beynəlxalq dərəcəli hakim Gündüz Abdullayev, Elşad Məmmədov və Aygül Abdullayeva yarışı idarə edən hakimlər arasında yer alıblar.