Radik İsayevlə Sadiq Həmidov AÇ-də üçüncü oldu
- 22 May 2022 19:00
- 496
Böyük Britaniyanın Mançester şəhərində təşkil olunmuş taekvondo üzrə Avropa çempionatına yekun vurulub.
Rekord.az xəbər verir ki, yarışın sonuncu günündə Azərbaycanın daha üç taekvondoçusu mübarizə aparıb.
74 kq çəki dərəcəsində çıxış edən Eltac Qafarov 1/16 final mərhələsində estoniyalı Kunter Stroom Karlla üz-üzə gəlib. Bu rəqibini vaxtından əvvəl 22:2 hesabı ilə üstələyən idmançımız növbəti mərhələyə yüksəlib. Lakin taekvondoçumuz növbəti mərhələdə türkiyəli Muhammed Yıldıza 4:9 hesabı ilə uduzaraq, qitə çempionatını medalsız başa vurub.
Rio-2016 Yay Olimpiya Oyunlarının qalibi olan 87 kq-dakı Radik İsayev 1/4 finalda Cem Ünlüsoya (Almaniya) 9:1 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib. Finalın bir addımlığında türkiyəli Emre Ateşliyə məğlub olan (7:8) taekvondoçumuz Avropa çempionatında bürünc mükafat qazanıb.
Qadın taekvondoçulardan 57 kq-da yer alan Fatimə Məcidova 1/16 finalda italiyalı Qiada Al Halvani ilə qarşılaşıb. 0:22 hesabı ilə məğlub olan idmançımız çempionatı erkən tərk edib.
Bu gün həmçinin Azərbaycanın bir parataekvondoçusu da qüvvəsini sınayıb. 63 kq-dakı Sadiq Həmidovun ilk rəqibi özbəkistanlı Zuxriddin Toxirov olub. Parataekvondo üzrə Avropa çempionatı digər qitələr üçün də açıq idi. Sadiqin ilk döyüşü gərgin alınıb. Belə ki, özbək idmançı qadağan olunmuş baş zərbəsinə görə yarışdan uzaqlaşdırılıb və qələbə təmsilçimizə verilib. Yarımfinala adlayan Sadiq italiyalı Antonino Bossoloya məğlub (6:19) olaraq yarışın bürünc medalına sahib olub.
Xatırladaq ki, Azərbaycan yarışda 13 taekvondoçu və 5 parataekvondoçu ilə təmsil olunurdu. Daha əvvəl parataekvondoçulardan 70 kq-dakı İmaməddin Xəlilov gümüş, 58 kq-dakı Sabir Zeynalov bürünc medal əldə etmişdi. Digərləri qitə çempionatını medalsız başa vurub.