Rafael Ağayevə pul mükafatı verildi
- 30 Dek 2021 15:22
- 711
Azərbaycan Milli Karate Federasiyasının rəhbərliyi 2021-ci ildə yüksək nəticə göstərmiş yeniyetmə və gəncləri, böyüklərdən ibarət milli komandaların idmançı və məşqçilərini, həmçinin şəxsi məşqçiləri mükafatlandırıb.
Rekord.az xəbər verir ki, görüşdə 2021-ci ilin ən uğurlu illərdən biri olduğunu xatırladan federasiya prezidenti Yaşar Bəşirov bu mövsüm Ümumdünya Karate Federasyasının (WKF) nüfuzlu Gənclər Liqası və Premyer Liqa turnirləri ilə yanaşı Dünya Kuboku, I MDB Oyunları, iki Avropa və bir dünya çempionatında, o cümlədən Ümumdünya Şotokan Federasiyasının (WSF) dünya çempionatında böyük nəticələr əldə edildiyini bir daha diqqətə çatdırıb, Tokio Olimpiadasında 2 gümüş medal uğurunu isə federasiyanın tarixində ən böyük nailiyyət adlandırıb.
O, 2021-ci ildə Olimpiada ilə yanaşı 14 rəsmi və bir sıra digər beynəlxalq yarışlarda iştirak edən Azərbaycan karateçilərinin 319 medal qazandığını, mükafatlar arasında 89 qızıl, 118 gümüş, 112 bürünc medal olduğunu deyib. Bu nəticələr arasında para-karateçilərin uğurlu çıxışları və beynəlxalq hakimlərimizin sayıınıın artdığını da diqqətə çatdıran Y.Bəşirov bütün bu nailiyyətlərin dövlət qayğısı sayəsində əldə edildiyini söyləyib.
Görüşdə iştirak edən federasiyanın İdarə Heyətinin üzvü Füzuli Musayev karateçilərin nəticələrinin ilbəil artmasının uğurlu tendensiya olduğunu deyib. Hər zaman üzərlərində qayğı hiss etdiklərini bildirən məşqçilər, idmançılar və hakimlər onlara göstərilən etimadı bundan sonra da doğruldacaqlarını nəzərə çatdırıblar.
Görüşün sonunda il ərzində müxtəlif yarışlarda nəticə göstərmiş idmançı və məşqçilərə müvafiq pul mükafatları təqdim edilib.