Rahilə Hüseynovadan Avropa birinciliyində iki medal
- 11 Dek 2019 19:40
- 1514
İsrailin Eylat şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.
Rekord.az xəbər verir ki, yarışda 37 ölkədən 498 idmançı (228 qız və 270 oğlan) iştirak edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də var.
Yaşı 15-ə qədər olan atletlərdə 76 kq çəki dərəcəsində Rahilə Hüseynova qüvvəsini sınayıb. Atletimiz birdən qaldırma hərəkətində 75 kq nəticə ilə 4-cü yeri tutub. Rahilə təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib. O, 97 kq-ın öhdəsindən gələrək bu hərəkətdə Avropa birinciliyinin gümüş mükafatçısı olub.
Toplam 172 kq (75+97) nəticə ilə yekun sıralamada 3-cü yerə çıxaraq bürünc medala layiq görülüb.
Yaşı 17-yə qədər olan atletlərdə isə 73 kq çəki dərəcəsində iki idmançımız – Samir Əskərzadə və Həsənağa Sahibov qüvvələrini sınayıblar. Samir Əskərzadə toplam 264 kq (122+142) nəticə ilə 7-ci, Həsənağa Sahibov isə toplam 265 kq (118+147) nəticə ilə yekun sıralamada 8-ci yeri tutub.