Ramin Musayev: "Rəşad Sadıqovun milliyə gələcəyinə inanmıram" MÜSAHİBƏ
- 26 Fev 2020 11:00
- 901
Rekord.az Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevin müsahibəsini təqdim edir:
- Mövsümün ikinci yarısında sizi stadionlarda az-az görürük. Bu, nə ilə bağlıdır?
- Səhhətimlə əlaqədar stadionlara gedə bilmirdim. Müəyyən problemlərim var idi. Yavaş-yavaş düzəlir. Düzdür, müalicə davam edir, amma tezliklə yenidən oyunlara gedəcəyəm.
- Bu il PFL prezidenti vəzifəsinə seçkilər keçiriləcək. Seçkinin vaxtı müəyyənləşib?
- Tarix dəqiq bilinmir. Amma yayda olacaq.
- Yəqin ki, Avropa çempionatından sonraya təsadüf edəcək...
- Yalan deyərəm. Çünki dəqiq vaxtını bilmirəm.
- Maraqlıdır, Ramin Musayev növbəti dəfə namizədliyini irəli sürəcək?
- Hələ vaxt var. Əvvəlcədən nəsə deyə bilmərəm. Hələ o vaxta kimi yaşayaq.
- İndiki məqamda fikriniz nədir?
- Bu gün üçün heç nə deyə bilmərəm. Hələ qəti qərar yoxdur. Gələcək üçün danışarıq.
- Nə vaxtsa PFL-dəki işinizdən ayrılsanız, yenidən klub idarəçiliyinə qayıdarsınız?
- Qətiyyən. PFL-dən getsəm, futboldan birdəfəlik uzaqlaşacağam.
- Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin ölkəyə qayıdışı müzakirə olunur. Çoxları düşünür ki, yanlış addım atdı, legioner həyatına davam etməli idi. Sizin bu məsələdə mövqeyiniz necədir?
- Əlbəttə, düşünürük ki, Ramil ölkə xaricində oynasaydı, milli komanda üçün daha faydalı olardı. Bu, mənim şəxsi fikrimdir: Azərbaycanda çıxış etsə, milli komandadakı futbolçularla daha yaxşı anlaşar. Xatırlayırsınızsa, hər dəfə deyirdim ki, klublar qış fasiləsində heyətlərini gücləndirməlidirlər. Belədə yeni futbolçuların uyğunlaşması üçün vaxt da qalır. Bu kimi amilləri nəzərə alanda Ramilin qayıtmasına bir söz demirəm. Hamımızın fikri milli komanda ilə bağlıdır. Hücumçu kimi bütün ümidlər Şeydayevə bağlanılıb. Düşünürəm ki, pis olmayacaq.
- Bu yaxınlarda AFFA-nın baş katibi Elxan Məmmədovla “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun görüşü oldu. Deyilənə görə, həmin görüş sizin vasitəçiliyinizlə baş tutub...
- İnanırsınız, mən bunu sizdən eşidirəm. Xəbərim yoxdur.
- Son vaxtlar Rəşad Sadıqovun Azərbaycan milli komandasının baş məşqçisi ola biləcəyi ilə bağlı xəbərlər dolaşır. Buna münasibətiniz necədir?
- Bilmirəm, bunu da sizdən eşidirəm.
- Sizcə, Sadıqov yığmanın sükanı arxasına keçsə, necə olar?
- Dəqiq nəsə demək çətindir. Açığı, Rəşadın milliyə baş məşqçi gələcəyinə inanmıram. Çünki belə bir yükün altına girəcəyini düşünmürəm (report).