“Sabah”ın baş məşqçisi Ramin Quliyev Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Rekord.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Oyuna 3 xal üçün köklənmişdik, qalib gəlmək istəyirdik. Matçın axarı da normal idi, sadəcə müdafiədə buraxdığımız bir səhv ümumi vəziyyəti dəyişdi. Buna baxmayaraq, uşaqların bugünkü əzmkarlığı hesabda geridə olan komandanın oyunu çevirməsinə gətirib çıxardı. Deyərdim ki, hətta qalib də gələ bilərdik. Bu gün meydanda tam fərqli “Sabah” gördüm. Futbolçularda qələbə qazanmaq istəyi həddən artıq çox idi. Bu da sevindirici haldır. 3 xal üçün oynasaq da, “Zirə” kimi rəqibdən 1 xal almaq da normal nəticədir.

“Qəbələ” ilə görüşdə də qol buraxdıqdan sonra hücuma keçdik. Hesab 0:0 olanda hamı sığortalı oyun göstərmək istəyir, nədənsə bir balaca çəkinir. Qol buraxdıqdan sonra hücumların kəsərini artırırsan. Biz də hücumların kəsərini artırdıq. Ancaq bu da risklidir. “Qəbələ” ilə matçda ikinci qolu belə buraxdıq. Bu gün də eyni hal təkrarlana bilərdi. Sadəcə, hücumda daha aktiv görünürdük, nəticədə qol gəldi.

Əvvəlki oyunlarda qol da vura bilməmişdik. Rodriqes və Skuletiçin hələ komandaya tam qoşulmamasının da burada rolu var. Bu gün əsas problemimiz keyfiyyətli hücumçularımızın olmamasıdır. Rodriqes də, Skuletiç də artıq kollektivlə məşqlərə qoşulub. Növbəti turda onların hər ikisini görəcəyik. Hücumda dişsizliyimiz görünürdü.

Məni buraya gətirən rəhbərlik var. Bir həftə boyu da, bu gün də onların dəstəyini artıqlaması ilə görürəm. Məğlubiyyətlərə baxmayaraq, rəhbərliyin dəstəyi komandaya inam verir. İnanıram ki, komanda bu vəziyyətdən çıxacaq. 4 oyuna 1 xal qazanmaq nələrsə etdiyimiz demək deyil. Amma rəhbərliyin mənə, mənim də komandaya inamım çoxdur”.