Rasizmə məruz qalan italiyalı hücumçu millidəki çıxışına ara verdi
- 16 Okt 2022 13:33
- 581
Dünən başa çatan qadın voleybolçular arasında dünya çempionatında xoşagəlməz hal yaşanıb. "Rekord.az" xəbər verir mundialın bürünc medalını qazanan İtaliya millisinin əsas hücumçusu Paola Egonu yığma karyerasına ara verdiyini açıqlayıb.
Nigeriya əsilli təcrübəli voleybolçunun bu addımına səbəb isə rasist münasibətdir. Belə ki, İtaliya millisi yarımfinal qarşılaşmasında Braziliyaya uduzaraq qızıl medal şansını itirdikdən sonra məhz Egonu ən çox tənqid olunmuşdu. O, həm sosial media, həm də italiya mediasında kəskin tənqidlərə və rasizmə məruz qalmışdı.
Egonu mükafatlandırma mərasimindən sonra İtaliya mətbuatına açıqlamasında bunları deyib: "Yığma komandaya ara verirəm, lakin bu vida deyil. Bir müddət sonra bunu yenə müzakirə edeləcəyik. Çox xətrimə dəyildi. Hələlik milliyə ara verirəm, çünki mənim üçün çox ağrılıdır. Bir tərslik olan kimi hər zaman mən hücuma məruz qalıram və bu çox çətindir. Mən 23 yaşlı bir qızam. Haqqımda yazılanları oxumaq çox ağrılıdır. Fasiləyə layiq olduğumu düşünürəm. Hələlik özümə və "Vakıfbank" karyerama köklənmək istəyirəm".
Türkiyənin "Vakıfbank" klubunun yeni transferi Paola Egonu bundan əvvəl də İtaliyada bir neçə dəfə irqçi münasibətlə üzləşib. Sonuncu belə hal mundialın startında bir italyan jurnalist tərəfindən yaşanmışdı.
Qeyd edək ki, hazırda dünyanın ən yaxşı oyunçularından olan Paola Egonu hücum hündürlüyü və sürətində dünya rekordunun da sahibidir. Nigeriya əsilli italyan voleybolçu yenicə başa çatan mundialın da ən məhsuldar oyunçusu olub. O, 275 dəfə fərqlənməklə birinciliyin bütün oyunçularını kifayət qədər qabaqlayır. Egonu, həmçinin hücum edənlər sırasında da liderdir. Maraqlıdır ki, bu möhtəşəm nəticəyə baxmayaraq, Paola Egonu mundialın "Dream team"inə (Röya komandası) salınmayıb.