Rasizmlə bağlı qalmaqaldan sonra kubalı hücumçu Rusiya klubundan gedir
- 20 May 2022 10:09
- 535
Rusiyanın qadınlar arasında birinciliyində çıxış edən və rasizmlə üzləşən kubalı voleybolçu Ailama Cese Montalvo bu ölkədən gedir. "Rekord.az" xəbər verir ki, hücumçu formasını geyindiyi "Uraloçka" klubunun heyətini tərk edir. Bu barədə komandanın direktoru Valentina Oqiyenko məlumat verib.
Mayın 12-də keçirilən Rusiya çempionu adı uğrunda həlledici görüşdə qalmaqallı insident baş verib. Belə ki, 3-cü setin sonlarında taym-aut götürən rəqib komandanın baş məşqçisi Andrey Voronkov danladığı oyunçuya "Niyə yenə o meymunu tutursan?" sualını verib. Bu ifadə isə canlı yayıma düşüb. Məşqçi konkret ad çəkməsə də, oyunun gedişindən bəlli olub ki, o, kubalı hücumçudan bəhs edir.
"Uraloçka" klubunun rəhbərliyi rasist çıxıçı ilə bağlı məşqçinin kubalı voleybolçudan və komandadan üzr istəməsini tələb edib. Voronkov isə öz növbəsində Ailama Cese Montalvodan və onun komandasından üzr istəməkdən imtina edib.
İrqçiliklə üzləşən Montalvo isə baş verənləri belə şərh edib: "Mən kim olduğumu bilirəm və dərimin rəngi ilə fəxr edirəm. Heç vaxt bir insanı məhz bu əlamətə görə mühakimə etmək olmaz. Nəticə əldə etmək üçün hər cür hiyləyə hazır olan, etika anlayışından xəbəri olmayan adamın sözündən incimirəm. Nə deyə bilərəm? Pisliyə pisliklə cavab vermək olmaz. Özümü bu səviyyəyə salmağa icazə vermərəm. Fəxr edirəm ki, heç bir şey məni dəyişməyə məcbur edə bilməz. Əldə etdiklərimə görə şadam, bundan sonra da daha da irəliyə gedəcəyəm. Bu vəziyyəti təhqir kimi qəbul etmirəm. Mənim üçün bu, şəxsi inkişaf üçün yeni bir təkandır. Mənə dəstək olduqları üçün btünü klub rəhbərliyinə, komanda yoldaşlarıma və azarkeşlərə tə.əkkürümü bildirirəm. Hər kəsə yaxşı gün arzulayıra, qoy daim qəlbinizdə sülh olsun".
"Uraloçka" klubunun məlumatına görə, voleybolçunun Rusiyadan getməsinin səbəbi bu hadisə deyil. Bildirilib ki, Montalvo başqa ölkədə çıxış etmək istədiyi üçün hələ məlum qalmaqaldan əvvəl bu qərarı verib.
Qeyd edək ki, Montalvo Yekaterinburq klubunda 2019-cu ildən çıxış edir. Son mövsümdə o, komandası ilə birgə Rusiya çempionatına finala yüksəlib. Burada Kalininqrad "Lokomotiv"i ilə qarşılaşan "Uraloçka" 2:3 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənməli olub.