Futbol üzrə Uels milli komandasının baş məşqçisi Rayan Giqqz AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı keçirilmiş oyunu şərh edib.

Rekord.az xəbər verir ki, uelsli mütəxəssis 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

- Hesab qənaətbəxşdi. Həm komanda olaraq, həm də oyunçuların fərdi performansından razı qaldım. İnkişaf etdirməli bəzi şeylər var. Oyunda gərginlik var idi, ancaq ümumilikdə komandadan razıyam.

- Komandanın ümumi oyunu necə idi?
- Azərbaycan öz meydanında oynayırdı. Burada digər rəqiblərə qarşı çətinlik yaratmışdılar. Azərbaycan coğrafi baxımdan bizə uyğun deyil. Ancaq komandanın oyunu məni razı saldı.

- Ardıcıl 2 çətin oyundan sonra bu matç daha çətin olmadı?
- Əvvəlki 2 oyunu da çətin hesab edirəm. Xorvatiya və Slovakiya ilə oyunlarda başa-baş mübarizə apardıq. Macarıstan hazırda istirahət edir. Bu, onlara əlavə güc verə bilər. Künc zərbələrini yaxşı yerinə yetirə bilmirdik. Bu, bir az narahatlıq yaradır. Ancaq ümumilikdə komanda sübut etdi ki, formadadı.

- Qaret Beyl və Aaron Remzi növbəti oyunda əsas heyətdə olacaqmı?
- Bəli, hər ikisi kifayət qədər təcrübəlidi. Meydanda ola bilərlər.

- Aaron Remzini start heyətdə meydana buraxmaqla risk etmək istəmirdiz? 
- Biz çalışırıq ki, dəyişiklik faydalı olsun. Həm də Remziyə istirahət vermək istəyirdik.

- Slovakiyanın Xorvatiya ilə oyunu haqda nə düşünürsüz?
- Biz qarşımızdakı oyuna köklənirik. Hər şey öz əlimizdədi. (komanda.az)