Rəcəbov: "Uçuşların bərpasını gözləyirik ki, vətənə qayıdaq"
- 11 Apr 2020 00:39
- 1134
Dünyada geniş yayılan koronovirusun mənfi təsiri bir çox sahələrdə olduğu kimi idmandan da yan keçməyib. Pandemiya səbəbindən bütün idman yarışlarına fasilə vərilib və ya ləğv edilib. Bu sırada voleybol da yer alıb.
Virusun daha da geniş yayılmasının qarşısının alınması məqsədilə yerli çempionatların ləğv olunmasından sonra bir çox legioner həyatı yaşayan Azərbaycan voleybolçuları da vətənə dönüblər. Lakin çıxış etdiyi ölkədə qalan voleybolçularımız da var. "Rekord.az" xəbər verir ki, millimizin üzvü Odina Əliyeva və yığmamızın sabiq hücumçusu Natalya Məmmədova, eləcə də gənc məşqçimiz Ziya Rəcəbov Azərbaycana qayıda bilməyənlər sırasındadırlar.
Son mövsümü İndoneziyanın "Jakarta Pertamina Energy" klubunda keçirən və müntəzəm çempionatın qalibi olan voleybolçularımız təyyarə reyslərinin dayandırılması səbəbindən İndoneziyada qalıblar. Cakarta klubunun baş məşqçisi Ziya Rəcəbovla əlaqə saxlayıb hazırkı vəziyyətlə maraqlandıq.
Gənc və perspektivli mütəxəssis özünün və voleybolçularımızın vəziyyətinin yaxşı olduğunu bildirib: "Hazırda bütün dünyada geniş yayılan koronovirus səbəbindən uçuşlar təxirə salınıb. Buna görə, biz də İndoneziyada qalmışıq. Burada vəziyyət nisbətən stabildir. Burada karantin rejimi olmasa da, biz də hamı kimi ehtiyatlı olmağa çalışırıq. Mənim və voleybolçularımız Odina Əliyeva və Natalya Məmmədovanın vəziyyəti də yaxşıdır, heç bir narahatlığımız yoxdur. Biz də bu vəziyyətin bitməsini və uçuşların bərpasını gözləyirik ki, vətənə dönə bilək".