"Region Liqası"nın həvəskarlardan aşağı gözdən pərdə asmaq üçün yaradılan qurama çempionat olduğunu dəfələrlə yazmışıq. Elə komandalar var ki qonşu rayona oyuna getməyə yol pulu tapmır. Bəzən AFFA yerli icra hakimiyyətlərinə zəng vurub yalvar-yaxar edir ki yerli komandaya səfərə çıxmaq üçün yolpulu versin.

 

Rekord.az xəbər verir ki, ötən gün İmişlidə "Region Liqası" adına daha bir biabırçı olay yaşanıb.

 

Yerli "İmişli" Beyləqanın "Mil" komanasını qəbul etməliymiş. Lakin qonaqlar və hakimlər stadiona çatanda məlum olub ki, arenanın qapıları qıfıllanıb və yerli komanda özü də qapıda qalıb. Güc-bəla ilə stadionun sahibi olan şirkətin nümayəndəsi arenaya təşrif buyurub. Uzun çək-çevirdən sonra hakimlərə və hər iki komandaya deyib ki hasarı aşıb içəri keçsinlər və oyunlarını oynasınlar. Təbii ki heç kim bu təklifi qəbul etməyib. Xüsusilə də hakimlər. Beləliklə, oyun baş tutmayıb və "İmişli"yə texniki məğlubiyyət verilib.