AFFA-nın Hakimlər Komitəsinin sabiq sədri Fritz Ştuxlik Azərbaycana gələndən sonra hakimliklə bağlı narazılıqlar çoxaldı.

Avstriyalı keçmiş hakimin Azərbaycan futbolunda hakimliyi uçuruma sürükləməsi bir yana, haqqını deyənləri də işindən kənarlaşdırırdı.

O, Rəhim Həsənov kimi bəzi təcrübəli hakimlərimizi də səbəbsiz yerə ortadan qaldırmışdı. Ştuxlikin "qurbanlar”ından biri də Nahid Əliyevdir.

Bir müddət öncə Birinci Diviziona göndərilən yan xətt hakimin isə digərlərindən fərqli susmaq niyyəti yoxdur.

Rekord.az xəbər verir ki, qaynarinfo-ya açıqlamasında üsyan edən Əliyev yeyilən haqqı üçün sona qədər mübarizə aparacağını, lazım gələrsə, məhkəməyə müraciət edəcəyini bildirib:

"Haqqımı yedilər. Amma bir söz demək olmur. Gərək düz danışmayasan, yoxsa mənim kimi olarsan. Ştuxlikin vaxtında məni Birinci Diviziona göndərdilər. Naxçıvanda olanda mənə dedilər ki, Hakimlər Komitəsinin yeni sədri Barış Şimşəklə danışıb yerimə qaytaracaqlar. VAR-ın əsas kurslarını keçmişdim, yalnız lisenziya söhbəti qalmışdı. Gördüm ki, məni siyahıya salmadılar. Əlaqə saxladım, soruşdum. Gördüm ki, məni aldadırlar. Bakıya gəldim, Şimşəklə də görüşdüm. Amma Barış mənə hakimliyə qaytarması ilə bağlı heç bir söz vermədi. Əslində, əvvəlcədən başa düşmüşdüm. Sadəcə, istəyirdim ki, sonra mənim haqqımda "sən özün etdin” kimi mənfi fikirlər səsləndirməsinlər. Nə söz vermişdilərsə, sona qədər gözlədim. Barışla söhbətdən sonra anladım ki, bu tapşırıqdır. Çünki çox şeylərin ondan asılı olmadığını dedi. Başa düşdüm ki, tapşırıq "yuxarıdandır”. Həmişə sözün düzünü demişəm. Haqqı demək isə bəzi adamların xoşuna gəlmir. Adını çəkmək istəmirəm, o vaxt rəhbər şəxslərdən biri mənə "Haqqını tələb edirsən. Mənə sənin kimi problemli adam lazım deyil” - demişdi. Cavab verdim ki, ölənə qədər haqqımı tələb edəcəm. İstəsəydilər, mənimlə müqaviləni birərəfli qaydada poza bilərdilər. Çünki maaş alırıq. Sənədləri göndərdilər ki, guya imtina etməyimlə bağlı oraya qol çəkim. Razılaşmadım, dedim ki, gedin necə bilirsiniz, elə edin. Guya indiyə qədər nəsə edəndə məndən soruşublar? Bunlar mənə tələ qurmuşdular ki, bezib axırda özüm gedim. Məni "sındırıb” uşaq futboluna göndərmək niyyətində idilər. Halbuki Premyer Liqada xeyli müddət hakimlik etmişəm. Fritzin vaxtından bəri, bir dəfə də olsun 7,9 balla qiymətləndirilməmişəm. Həmişə qiymətim 8,5 olub”.

O, problemi ilə bağlı yeni sədrlə söhbətləşdiyini, ancaq bunun faydası olmadığını dedi:

"Barışlıq bir şey yoxdur, o yenidir. Adamın üstündə Allah var, ondan pislik görməmişəm. Heç münasibətim də yox idi. Başa düşürəm, nə deyirlərsə, edir. Çünki o da pul qazanmalıdır. Mənə görə özünü niyə "yandırsın”? Məni bezdirmək fikirləri vardı. Amma 500-600 manata görə əyilməyəcəyəm. Ona görə də gəlib sözümüm birbaşa iclasda dedim. Ondan əvvəl Sərxan Hacıyevlə (AFFA-nın baş katibi - red.) də danışmışdım və Birinci Divizionda oyun idarə etməyəcəyimi demişdim. Havayıdan niyə 4-5 ay vaxtımı apardılar? Bu müddətdə özümə iş qurardım”.

Əliyev Hakimlər Komitəsinin digər üzvlərini də "topa tutdu”:

"Son aylar ərzində cəmi iki dəfə, fevralın 12-si və mayın 13-də oyuna təyinat almışam. Fritz Ştuxlik Hakimlər Komitəsini saymırdı. Anar Salmanov, Ömər Paşayev və digər hakimlər də deyirdi ki, bu düzgün qərar deyildi. Daha doğrusu, özləri mənə haqsızlıq olduğunu bildiklərini deyirdilər. Amma yenə də Fritzin verdiyi qərarı dəstəkləyirdilər. Haqsızlıq olubsa, bəs, məni niyə Birinci Divizionda saxladılar? Premyer Liqaya təyinat verərdiniz, sonra deyərdiniz ki, "Ay Fritz, Nahidə Haqsızlıq etmişdiniz, biz onu qaytardıq”. Bütün hakimlərə göstərərdilər ki, haqqın tərəfdarıdırlar. Bilirəm ki, bu tapşırıqdır. İstəməsəydilər, vaxtında məni Birinci Diviziona göndərməzdilər. Özləri nə bilirlər, onu da edirlər. Bilirsiniz necədir? Fritzə və ya başqasına həmişə haqqı demişəmsə, bunu sabah yenə edəcəyimi yaxşı anlayırlar. Ona görə də məni aralarında görmək istəmirlər. Ömür boyu hakimlik üçün əziyyət çəkmişəm. Ola bilsin ki, AFFA və Hakimlər Komitəsi ilə mübahisəm uzun müddət davam etsin. Sona qədər haqqımı tələb etməyə çalışacağam. Çünki çox haqsızlıq etdilər. Sentyabra qədər olan müqaviləmə iyulda xitam verdilər. Üstəlik dedilər ki, narahat olma, pul alacaqsan. Belə qazanc lazım deyil. Pul lazım olsaydı, Birinci Divizionda hakimlik edərdim. Ancaq pula görə özümü "sındırmaram”. Haqqım üçün lazım gəlsə məhkəməyə də müraciət edəcəyəm. Belə olmaz axı. Bu il cəmi 7 oyun idarə etmişəm. Heç nədən "xoşumuza gəlmirsən” - deyib, uzaqlaşdırdılar. Bunun analoqu yoxdur”.